Azərbaycanda sürücülərin üzləşdiyi əsas problemlərdən biri də Dövlət Yol Polisi İdarəsi (DYPİ) tərəfindən tətbiq edilən mübahisəli cərimələrdir. Lakin belə hallarda vətəndaşların hüquqlarını qorumaq və cəriməyə qarşı şikayət vermək imkanları mövcuddur.
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, əgər Dövlət Yol Polisi (DYP) vətəndaşı cərimələyibsə və bu, mübahisə doğurursa, o zaman birbaşa protokola deyil, yalnız qəbul edilən qərara qarşı məhkəməyə şikayət verilə bilər.
“Qanunvericiliyə əsasən, məhkəmələr yalnız qərardan verilən şikayətləri araşdırır. Bu səbəbdən vətəndaş mütləq şəkildə DYP tərəfindən qəbul olunmuş qərarın surətini əldə etməlidir. Qərardan şikayət etmək üçün vətəndaşa 20 gün müddət verilir. Lakin qərarın əldə edilməsi həmişə asan olmur. Çünki bu sənəd əsasən DYP-nin rəsmi portalında yerləşdirilir və vətəndaşa yalnız onun sorğusu əsasında təqdim olunur. Ona görə də vətəndaşlar qərarın surətini mütləq şəkildə almalı və şikayət ərizəsinə əlavə etməlidirlər”.
Vəkil qeyd edib ki, şikayət ərizəsində hadisənin təfərrüatları əksini tapmalı, əgər varsa, sübutlar əlavə edilməli və ərizənin sonunda cərimənin ləğvi və qərarın hüquqi qüvvədən salınması tələb olunmalıdır. Müraciət isə hadisənin baş verdiyi ərazi üzrə aidiyyəti rayon məhkəməsinə edilməlidir”.
Aynurə İsmayıl
KONKRET.az