Müəllimlərə güzəşt: Market, avtobus və metroda ola bilərbackend

Müəllimlərə güzəşt: Market, avtobus və metroda ola bilər

“Təhsil işçiləri üçün “TəhsilPlus” kartı proqramının hazırlanmasını nəzərdə tutulur”. Bunu Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov bildirib.

O qeyd edib ki, bu proqramdan müəllimlər, idarəedici heyət, direktor və direktor müavinləri, ümumiyyətlə, təhsil sahəsində çalışan hər kəs faydalana biləcək.

Fondun sədrinin sözlərinə görə, “TələbəPlus” proqramının isə cari ildə 190 min tələbəni əhatə etməsi planlaşdırılır.

“Növbəti illərdə bu sayın 250 minə çatdırılması nəzərdə tutulur. Bu layihə tələbələrin sosial, maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün mühüm addımdır. Burada bu günə qədər 300-dən çox şirkətlə (kafe, restoran, sağlamlıq mərkəzləri, özəl xəstəxanalar, kinoteatrlar və s.) əməkdaşlıq edilir”.

Elnur Nəsibov deyib ki, ümumilikdə 23 universitetlə müqavilə imzalanıb. Bu ali təhsil müəssisələri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Naxçıvan şəhərlərində yerləşir.

Qeyd edək ki, artıq bir müddətdir tələbələrə “TələbəPlus” kartları verilib. Həmin kartlarda təqdim edilən yerlər, məsələn, dükanlar, əyləncə mərkəzlərində qiymətlər o qədər yüksəkdir ki, tələbələr bu kartlardan yararlana bilmirlər.

İndi isə təhsil işçiləri üçün “TəhsilPlus” kartı nəzərdə tutulur. Daha çox müəllimlər üçün nəzərdə tutulan bu kartlar hansı sahələri əhatə etməlidir və əhəmiyyəti olacaqmı?

KONKRET.az xəbər verir ki, təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, bir müddət bundan əvvəl tələbələr üçün nəzərdə tutulan “TələbəPlus” kartları istifadəyə verilib:

“Hazırda müəllimlər üçün də belə kart nəzərdə tutulub. Tələbələrin ümidi var idi ki, xüsusilə ictimai nəqliyyatda, metroda güzəştlər tətbiq olunacaq. Hələ ki, bu istiqamətdə işlər gedir, konkret nəticə yoxdur. İctimai nəqliyyatda tələbələrə müəyyən güzəştlərin edilməsi ilə bağlı işlər görülməlidir.

Məsələn, nəqliyyatın nağdsız ödənişə keçməsi, yaxud da müəyyən sistemlərin qurulması kimi amillər bu güzəşti ləngidir. Güzəştlərin şamil olunduğu sahələr daha çox tələbələr tərəfindən istifadə edilməyən, el dili ilə desək, “brend” olan dükanlar, əyləncə mərkəzləridir.

Belə yerlərdən də bütün tələbələr istifadə etmirlər. Onlar üçün gündəlik tələbat olan yerlərdə, məsələn, super və hiper marketlərdə bu kartlar keçərli olarsa, daha məqsədəuyğundur. Düşünürəm ki, yaxın gələcəkdə bu məsələlərə qayıdılacaq”.

Nəzərdə tutulur ki, tələbələr üçün olan güzəştlər müəllimlərə də şamil olunsun:

“Dünya praktikasında tələbələrə, müəllimlərə güzəşt var və geniş istifadə edilir. Elə ölkələr var ki, orada ictimai nəqliyyat tələbələr üçün ümumiyyətlə, pulsuzdur. Bəzi ölkələrdə ictimai nəqliyyatda tələbələrə gediş haqqının bir hissəsi bağışlanır. Azərbaycan dövləti daim təhsilə diqqət yetirir, əlçatanlığı təmin edir. Düşünürəm ki, yaxın gələcəkdə güzəşt məsələləri öz həllini tapacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*