Avqustun 14-də başlayan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi avqustun 22-də yekunlaşacaq.
Davam edən müsahibə mərhələsindən şikayətlənən müəllimlər isə az deyil.
Müəllimlərin bir qismi test imtahanından keçən müəllimin müsahibədə yenidən yoxlanılmasının əleyhinədir. Bəzi müəllimlər isə ona ixtisasına aid sualların yenidən niyə verildiyini başa düşmədiyini deyir.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri müsahibə mərhələsi ilə bağlı səslənən şikayətlərlə razı deyil:
“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi ilə bağlı demək olar ki, hər il narazılıqlar olur. İş o həddə çatıb ki, müsahibə mərhələsindəki narazılıqlar test imtahanını ötüb. Test imtahanı ilə bağlı narazılıqlarla qismən razı olsam da, müsahibə mərhələsi ilə bağlı deyilənlərlə razı deyiləm. Müsahibə mərhələsi o qədər də problemli təşkil olunmayıb. Bu mərhələ başdan sona qədər kamera nəzarətindədir. Şəffaflığın təmin olunması üçün quraşdırılan kameralar hər hansı narazılıq olduqda yenidən izlənilmə üçündür”.
Onun sözlərinə görə, müəllimlər müsahibə mövzularına hazırlaşmırlar:
“Demək olar ki, müəllimlərin çoxu bizlə əlaqə saxlayır, problemləri deyirlər. Lakin reallıq odur ki, müəllimona verilən müsahibə mövzularına (müsahibə mərhələsi üçün hər fənn müəlliminə mövzular öncədən təqdim olunur-red) hazırlaşmır. Nəticədə isə müzakirələri bu cür xırda detalların üzərində qururlar. Sözdə vurğunun hansı hecaya düşməsi ilə bağlı sualın verilməsinə etiraz edən müəllimi başa düşmürəm. Necə müəllimsən ki, vurğunun hansı hecada olduğunu bilmirsən?”.
E.Nuri bəzi müəllimlərin narazı qaldığı digər məqamlarla bağlı da danışıb:
“Test imtahan mərhələsi yazılı prosesdir. Kompüter üzərindən icra olunur. Müsahibə isə şifahi, canlı ünsiyyətdir. Müəllimin nitqinin səlisliyi və ünsiyyət bacarığının yoxlanması üçün bu formada sualların verilməsi normaldır. Çünki müsahibə mərhələsinin əsas məqsədi biliklərin yoxlanmasından savayı, müəllimin bəzi keyfiyyətlərinin də yoxlanılmasıdır. Bu pedaqoji işin düzgün təşkili, yüksək ünsiyyət bacarığı, sinfi ələ almaq qabiliyyəti və s. kimi detallardır. Biz bəzən dünyagörüşü yoxlayan sualla, müəllimin fərdi keyfiyyətini yoxlayan tapşırıq arasında fərqi müəyyən edə bilmirik. Sonra da şikayətlənirlər ki, bizdə müsahibə mərhələsində ciddi problemlər var”.
Aygün Mirakif,
KONKRET.az