“Müharibədən sonrakı dövrdə Azərbaycan üç əsas problemlə üzləşib…” – Konfliktoloqbackend

"Müharibədən sonrakı dövrdə Azərbaycan üç əsas problemlə üzləşib..." - Konfliktoloq

Prezident Əliyev Ermənistan rəsmilərinin Qarabağa səfərinə etiraz edəndən sonra Stepanakertə  daha bir neçə nazir və çox sayda siyasi partiya liderləri də səfər ediblər. Bu səfərlərə rəvac verən birinci və yenə də birinci amil bizim öz dövlət sərhədimizə nəzarət edə bilməməyimizdir. Ərazi bütövlüyümüzün hələ də tam təmin edilməməsindədir. Demək hər şey dövlət sərhədinin qorunmasından asılıdır.

Sonrakı amillər isə onu tamamlayan amillərdir, amma onların da hamısının toplusu məsələni daha da mürəkkəbləşdirir. Aparıcı amillərdən biri, “status kvo statusu” adı altında sülh məramlı qüvvələrə sığınan və faktiki olaraq müharibədən öncəki fəaliyyətlərini davam etdirən və hərbi cinayətlərdə ittiham edilən anti-Azərbaycan separatçı qüvvələrin sərbəst fəaliyyətdə olmasıdır.

Üçüncü və bölgənin gələcəyini tam müəyənləşdirən mühüm amil Qarabağın erməni nəzarətində olan hissəsinin statusunun müəyyən edilməməsi və bu ərazilər üzərində Azərbaycan dövlətinin strukturlarının yenidən qurulması məsələsidir.

Bu  gün erməni tərəfi təbliğata çox yer versə də, sahədəki reallıqlar erməni qüvvələrinə praktik baxımdan vəziyyəti öz xeyrinə dəyişməyə imkan vermir. Azərbaycan isə öz qarşısında duran yuxarıdakı sadalanan məsələləri yaxın zamanlarda həll etmək iqtidarındadır. Bu baş verərsə, bölgədə müəyyənlik yaranar və burada yaşayan bütün əhalinin iqtisadi rifahına və təhlükəsiz yaşamasına səbəb olar. Azərbaycan cəmiyyətinin gözlədikləri də budur.

İlk növbədə Ermənistanla Laçın arasında sərhəd keçid məntəqəsinin qurulması məsələsi həll edilməlidir. Rus sülhməramlı qüvvələri yola nəzarət edirsə,Azərbaycan da özünün dövlət sərhədinə nəzarət etməlidir. Laçın sərhəd keçid məntəqəsinin qurulması qaçılmaz və təxirəsalınmaz işdir və Azərbaycanın indiki dönəmdə 1 nömrəli təhlükəsizlik problemidir.. Laçınla bağlı ikinci məsələ, öz torpaqlarına qayıtmağı səbirsizliklə gözləyən Laçın sakinlərinin tezliklə Laçın rayon mərkəzinə qaytarılmasıdır.

İkincisi, istənilən müharibə sonrası dövrdə hərbi -siyasi və hüquqi məsələlər ortaya çıxır, hərbi cinayətlərin üzə çıxarılması və hərbi cinayətgarların məsuliyyətə cəlb olumması prosesi başlayır. Ədalət və sülh quruculuğu prosesi paralel olaraq addımlamasa, uzunmüddətli sülh və inkişaf prosesi də baş tutmur. Bu baxımdan, hərbi cinayətlərdə əli olan hərbi və mülki şəxslərin tutuqlanması və cəzalandırılması hüquqi prosesin tərkib hissəsi olmalıdır. Bu cür addımlar, müharibə sonrakı dönəmdə bölgədə vətəndaşla cinayətgar elementlərin də bir-birindən ayrılmasına və eynilə cəmiyyətdə barışığa aparan yoldur. Nəticədə biz dövlət olaraq həm əraziyə və həm də orada yaşayan erməni əhalisinə sahib çıxırıq.

Üçüncüsü, biz statusun tarixin zibilliyinə atıldığını deyirik. Bu cür ifadələr sahədəki vəziyyətlə uyğun gəlməlidir. Stepanakert daxil bütün bu ərazilərə nəzarət etmədiyimiz halda və indiki status kvo qaldığı halda, bu cür yanaşma bizim əleyhimizə işləyə bilər və zaman keçdikcə daha böyük statusa apara bilər.

İndi Azərbaycan ən güclü, Ermənistan isə ən zəif durumdadır. İndiki dövrdə statusun həll edilməsi əlbəttə ki Azərbaycanın maraqlarına uyğun olar.  Status dedikdə biz heç də əvvəllər deyildiyi kimi, “muxtariyyat,yüksək dərəcəli muxtariyyat və ya özünü-idarəetmə” modelleri nəzərdə tutmuruq.  O cür status tarixin zibilliyinə atıldı, onunla razıyam. Azərbaycan 28 il ərzində aparılan danışıqlarda bu cür statusu hər zaman erməni tərəfinə təklif etdi. Mərhum Prezident H.Əliyev “ ermənilərin muxtariyyat sözündən xoşları gəlmir və mən ən yüksək dərəcəli özünüidarəetmə forması təklif edirəm” deyirdi. Faktiki olaraq yerli mini- dövlət modeli təklif edilirdi. Əvəzində isə erməni tərəfi nəinki DQ-ı,  hətta ətrafdakı bütün işğal edilmiş rayonları da  “ermənistanın vahid təhlükəsizlik məkanı” elan etdi.

Müharibədən sonrakı mənzərə ilə üzləşən Azərbaycan xalqı erməni separatçı qüvvələrinə hər hansı fərqli status yox, törətdikəri hərbi cinayətlərə görə ədalət məhkəməsi tələb edirlər. İşğal olunmuş bölgələrin yer üzündən silinməsi, yerin altında yatan insanların qəbirlərinin dağıdılması və cəsədlərinin isə qəbirlərdən çıxarılıb çöllərə səpələnməsi bütün milləti şoka salmışdır. Bu illər ərzində yüz minlərlə insanın həyatını məhv edən, şəhər və kəndlərimizi xarabaya çevirən bu qüvvələrin hansı yüksək statusa mənəvi və ya hüquqi haqqı vardır? Azərbaycan cəmiyyətində yaranmış konsensus birqiymətli olaraq heç bir ərazi əsaslı statusun mümkün olmadığını deyir. Nöqtə!.  Azərbaycanın ərazisindəki bütün vətəndaşının hüquq və öhdəlikləri eynidir və etnik kökəninə görə müəyyən edilmir!.

Digər tərəfdən, yuxarıdakı arqument ən aparıcı olsa da, köməkçi arqumentlər də hər hansı muxtariyyat və ya fərqli statusun Azərbaycanın maraqlarına uyğun gəlmədiyini deyir.

Birincisi, yumşaq desək, muxtariyyat özünü doğrultmadı. Onun özü münaqişə mənbəyinə çevrildi. Erməni ideoloqları bilavasitə muxtariyyat ərazisinə iddia edərək separatçılığa baş vurdular.  Deməli, muxtariyyat yenə də gələcəkdə münaqişə mənbəyi ola bilər.

İkincisi, Azərbaycan 1922-ci ildə Sovet İttifaqına daxil olduğu zaman heç bir DQ muxtar vilayəti də mövcud deyildir.  O 1923-cü ildə Azərbaycan hökümətinin qərarı ilə yaradılıb. Sovetdən ayrıldıqdan sonra isə o ləğv edilib və o da heç də Azərbaycanın seçimi olmayıb. Muxtariyyat modelləri 100 il öncə Leninin milli müqəddəratı təyin etmə prinsipi əsasında Rusiayda daha çox tətbiq edilib, indi isə onlar əhəmiyyətini itirərək sadəcə coğrafi ərazi adları daşıyır.

Üçüncüsü,  bazar iqtisadiyyatına keçən ölkədə,bütövlükdə əhalisi 60 mini aşmayan ərazini idarə etmək üçün yeni üstqurum hakimiyyət strukturları qurmaq və onların bürokratik tərkibini büdcədən maliyyələşdirmək hansı məntiqə sığır? Əksinə həmən büdcəni elə həmin rayonların inkişafına sərf etmək məntiqli olardı.

Status məsələsində arzuolunmaz inkişafa gəldikdə , əgər Azərbaycan statusla bağlı konkret təşəbbüsdə olmasa,yəni bölgənin hakimiyyət və idarəetmə strukturları ilə bağlı dövlət qərarı qəbul etməsə, o zaman yaxın gələcəkdə Minsk Qrupu çərçivəsində bizim qəbul etmədiyimiz muxtariyyat dərəcəli status danışıqları gündəmə gətirilə bilər. Artıq Rusiya XİN-i  tərəfindən də ATƏT Minsk qrupunun status məsələsi ilə fəaliyətə başlaması səsləndirilir. Həmsədrlərin 28 illik fəaliyyəti və yanaşmaları və “DQ məsələsində fikir ayrılıqlarının olmaması” bizə bu qənaətə gəlməyə arqument verir ki, status məsələsində də onlar heç də keçmiş DQ -a yüksək status verməyin əleyhinə olmayacaqlar. Rusiya sahədə böyük nüfuza sahib olsa da status məsələsinin beynəlxalq birlik tərəfindən müəyyən edilməsinə çalışacaq. Rusiya Azərbaycanla münasibətlərini soyutmamaq üçün  həmsədrlərlə birgə hərəkət etməyə üstünlük verəcək və bu məsələdə təkbaşına məsuliyyət daşımağa çalışmayacaq. Bu məsələdə Həmsədr ölkələr arasındakı məlum fikir birliyini nəzərə alsaq,Rusiyanın sahəyə nəzarət etməsi və vasitəçilik missiyası erməni tərəfinə rəğbətdə olan digər iki vasitəçinin statusla bağlı səylərinə münbit şərait yaradacaq.

Digər tərəfdən, status məsələsi üzərində müzakirələrin uzanması Rusiya sülhməramlı qüvvələrinin də Qarabağda uzunmüddərli qalmasına xidmət edəcək. Hər iki gediş sonucda erməni tərəfinə sərf edir, Azərbaycanı isə həyəcanlı şəkildə saxlayır. Nəyə görə? Çünki indi Ermənistanın əlində hadisələrin gedişinə təsir edə biləcək mexanizmlər yox dərəcəsindədir. Hər hansı provokativ addımı isə Prezident Putin dediyi kimi intiharla ekvivalent olacaq. Amma bizim nəzarətimizdə olmayan keçmiş DQ-ın “status kvo statusu”  önümüzdəki illərdə də indiki kimi qalarsa, o zaman Azərbaycan dövləti ,sülhməramlıların himayəsində olan, özünə gəlmiş və canlanmış de-fakto Dağlıq Qarabağ mini-dövləti ilə üz-üzə qala bilər. Ermənistanın rolu minimuma ensə də, Dağlıq Qarabağdakı “de fakto qurum”-un son statusunun müəyyən edilməsi həmsədrlər tərəfindən Minsk qrupu çərivəsində müzakirəyə çıxarılacaq. O zaman artıq indiki “status kvo statusu”-nun əsasında siyasi muxtariyyatı əks etdirən status tələb olunacaq. Ortaya çıxa biləcək problem budur.  Ona görə də bizim indi bu problemimiz yoxdur demək düzgün deyil.

İlham Əliyevin “mən prezident olduğum dönəmdə heç bir status olmayacaq” deməsi bizm eşitmək istəmədiyimiz bəyənatdır. Çünki, bütün bu danışıqlar Prezident Əliyevin başçılığı ilə aparılıb. Və özünün danışdığı və idarə etdiyi işi başa çatdırmayıb sonrakı nəsilə buraxarsa, o zaman bu iş yarımçıq qalacaq və ən qorxulusu, yenidən böyük problemə çevriləcək.

Bu mümkün gedişlərə ən pis ssenaridir -deyə bilərsiniz. Amma biz bu cür ssenariləri həmişə gözümüzün önünə alıb hərəkət etməliyik. Azərbaycan dövlətinin maraqları yuxarıda qeyd edilən məsələlərin tezliklə həll edilməsini tələb edir.

 

Elxan Mehdiyev, Konfliktoloq

  • Üxruor
    Fevral 21, 2021 - 00:49

    Hər hansı müzakirəyə ehtiyac duymuram, deyilənlər tamamı ilə doğrudur.

Üxruor üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*