”Mülk üstündə atasını öldürmək istəyirdi, ruhani ilə söhbətdən sonra…” – İlahiyyatçıdan AÇIQLAMAbackend

”Mülk üstündə atasını öldürmək istəyirdi, ruhani ilə söhbətdən sonra..." - İlahiyyatçıdan AÇIQLAMA

Göygöl rayonunda və Gəncədə eyni gündə keçirilən yas mərasimlərində kütləvi zəhərlənmə ehsan qadağası mövzusunu yenidən gündəmə gətirib. Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasiminin sahibi deyib ki, dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar olub.

Xatırladaq ki, hələ 2014-cü ildə Azərbaycanda israfçılığın qarşısını almaq məqsədilə dövlət hüzr mərasimlərində ehsan verilməsini xüsusi nəzarətə götürdü. Yeni təşəbbüs cəmiyyətin müxtəlif təbəqələri tərəfindən də dəstəklənirdi və rayon icra hakimiyyətlərində hüzrdə ancaq çay, halva və xurma verilməsinə nəzarət etmək üçün xüsusi komissiyalar belə yaradılmışdı.

Bu addım müəyyən nəticələr versə də, tezliklə hüzr yerləri ilə bağlı bir sıra narazılıqlara yol açdı. İddia olunurdu ki, ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik etməsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ciddi narazılığına səbəb olub və bu baxımdan qərarın bugünədək də icrasız qalmasında Şeyxi də günahlandıranlar var. Doğrudur, QMİ bir neçə dəfə yaslarda israfçılığa yol verilməməsi barədə çağırış etsə də, hazırda Bakıda QMİ-nin nəzarətində olan əksər məscidlərdəki mərasim evlərində bir çox hallarda hətta dəbdəbəli ehsan süfrələri açılmaqda davam edir.

KONKRET.az mövzu ilə bağlı məlumat almaq üçün Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verən olmayıb.

İlahiyyatçı Fazil Əhmədli KONKRET.az-a açıqlamasında deyib ki, əvvəllər insanlar ehsan süfrəsinə din xadimlərinin söhbətlərindən faydalanmaq üçün toplaşırdılar:

Fazil Əhmədli - İslam Psixologiyası haqqında İLAHİ RƏNG verilişində - YouTube

“Sovet dövründə və ondan öncəki zamanlarda ehsan insanların qonaq olduqları süfrədə din xadimlərinin danışacağı söhbətlərdən faydalanmaq üçün idi. Lakin son zamanlar ehsanlarda şöhrətpərəstliyə meyl müşahidə edilir. Yeməklərin çeşidləri dəyişib, əlavə meyvələr və müxtəlif təamlar qoyulmağa başlanıb”.

O, ehsan süfrəsində çayın verilməsi adətinin olmasını dəstəklədiyini deyib:

“İnsanlar çay süfrəsində hər hansı Quran ayəsini, ruhaninin çıxışını eşitmək üçün toplaşır, çünki yasdan başqa hansısa tədbirdə bunu izləmək çətindir. Mənim tanıdığım bir şəxs var ki, bu cür mərasimdə ruhaninin danışığından sonra atasını öldürmək qərarından əl çəkib. O, mülk üstündə atasını öldürmək istəyirdi. Lakin ruhaninin ataya hətta acıqla baxmağın günah olmasını söyləməsi onu bu fikrindən daşındırıb. Ona görə də ehsan süfrələrində sadə çay və xurma ehsan kifayətdir”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*