Azərbaycan Prezidenti İlham Əliyev Qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıdışını bölgədə sülh və sabitliyin vacib şərti kimi təqdim edib.
Dövlət başçısı bu məsələnin artıq Ermənistan qarşısında rəsmi şəkildə irəli sürüldüyünü bildirib. Bəs, Ermənistan tərəfi bu məsələyə necə cavab verəcək?
Mövzunu politoloq Rizvan Hüseynov KONKRET.az-a şərh edib.
“Cənab Prezidentin söylədiyi hər bir məsələ zamanla həyata keçir. Azərbaycanlıların öz ata-baba yurdlarına – Zəngəzura, Göyçəyə və ümumilikdə Qərbi Azərbaycan torpaqlarına qayıdışı qaçılmazdır. Ermənistan istəsə də, istəməsə də, bu proses mütləq baş verəcək. Ermənistan bu reallığı nə qədər tez qəbul etsə, bir o qədər də öz dövlətçiliyinin gələcəyi üçün faydalı olar. Əks halda, Ermənistan dövlətinin gələcəyi sual altında qala bilər”.
Politoloq qeyd edib ki, Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıtmaq hüququ var və bu, tamamilə haqlı bir tələbdir.
“Bu prosesin qarşısını heç kim ala bilməz. Azərbaycan bu məqsədi həyata keçirmək əzmindədir. Ermənistanın arxasında dayanan bəzi qüvvələr bu dönüşü istəmir. Amma hazırkı gedişat onu göstərir ki, Azərbaycan, onun müttəfiqləri və müsəlman türk dövlətləri bu məsələdə ölkəmizə güclü diplomatik dəstək verəcəklər. Yerdə qalan məsələləri isə Azərbaycan özü həll edəcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az