Noyabrın 15-dən Azərbaycanda qış mövsümü ilə əlaqədar yaşayış binalarına istiliyin verilməsinə başlanılıb. Buna baxmayaraq, Müşfiqabad qəsəbəsində “Yeniyol” adlanan ərazinin sakinləri hələ də istilik üzünə həsrətdir.
KONKRET.az xəbər verir ki, ərazi sakinləri Baku TV-yə bildiriblər ki, artıq dörd gündür, istilik verilmir:
“Gecələr adyalla otururuq ki, üşüməyək. Deyək ki, biz cavanıq. Axı bizdən yaşlılar, xəstələr də var. İki günə veriləcəyini deyirdilər”.
“Gecələr çox soyuq olur. Evdə oturmaq olmur. Biraylıq körpə var. Kondisioner də onun səhhətinə pis təsir edir. Bəs, nə ilə isidək onu?” – digər sakin qeyd edib.
Mövcud problemlə bağlı ərazi üzrə 18 saylı İstilik Sistemləri İstismar Sahəsinin 247 saylı qazanxanasının məsul şəxsi açıqlama verib:
“Qazanxanada problem yoxdur. Payız-qış mövsümünə hazırıq. Problem sadəcə qazla bağlıdır. Yaxın günlərdə həllini tapar. Rəhbərliyin məlumatı var”.
Problemlə bağlı “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlansa da, cavab verilməyib.
