10 il Ağdaş rayon bələdiyyəsinin sədri işləmiş Asəf İsmayılov vəzifə cinayətlərində ittiham edilsə də, məhkəmə onun barəsində cinayət işini araşdırmaqdan imtina edib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bələdiyyə sədrinə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi – vəzifə səlahiyyətlərini aşma, təkrar rüşvət alma, mənimsəmə və rəsmi sənədləri saxtalaşdırma ittihamları irəli sürülüb. Toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq materiallarında yazır ki, Asəf İsmayılov bələdiyyə sədri işlədiyi dövrdə bir neçə nəfərdən müxtəlif məbləğlərdə rüşvət alıb. Epizodlardan birində qeyd olunur ki, o, vətəndaşdan torpaq sahəsinin sənədləşdirilməsi və ev tikintisinə icazə verilməsi müqabilində 600 manat, digərindən isə 2600 manat rüşvət alıb. Bundan başqa, İsmayılov bələdiyyəyə ayrılmış vəsaitlərin mənimsənilməsində də ittiham olunub.
Təqsirləndirilən şəxs isə ittihamları rədd edib, məhkəmədən cinayət işinə baxılmasından imtina edilməsini xahiş edib.
Müdafiə tərəfinin təqdim etdiyi sənədlərin birinə baxdıqda görünür ki, bu məsələlərə görə A.İsmayılov 2020-ci ildə də prokurorluğa çağırılıb və həmin vaxt kifayət qədər sübut olmadığından cinayət işinin başlanmasından imtina edilib. Beş ildən sonra isə eyni faktlar əsasında yenidən cinayət təqibi başlanıb.
Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibi işlə tanış olduqdan sonra təqsirləndirilən şəxsin vəsatətinin əsaslı olduğu qənaətinə gəliblər. Məhkəmə ibtidai istintaqın ciddi qanun pozuntuları ilə aparıldığını müəyyən edib və ittihamların sübut olunmadığını elan edib.
Qərarda qeyd olunub ki, ittihamda təqsirləndirilən şəxsin hansı vəsaitləri necə xərclədiyi, konkret hansı məbləğin mənimsənildiyi və ya israf edildiyi göstərilməyib, vəzifə səlahiyyətlərini aşma və rüşvət alma hallarına dair isə yetərli sübut təqdim edilməyib.
Nəticədə cinayət işinin məhkəmə baxışına qəbul edilməsi mümkünsüz hesab edilib. Cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora qaytarılıb. Bundan əlavə, ilkin istintaqı aparan müstəntiq barəsində xüsusi qərar çıxarılaraq Baş Prokurorluğa göndərilib.
Qeyd edək ki, 51 yaşlı Asəf İsmayılov Birinci Qarabağ müharibəsi iştirakçısıdır və III dərəcəli əlilliyi var.