“Müxalifyönlü səhifələr Kamilin həbsini böyüdürlər” – Tolik danışdıbackend

"Müxalifyönlü səhifələr Kamilin həbsini böyüdürlər" - Tolik danışdı

Məlum olduğu kimi, xeyriyyəçi Kamil Zeynallı karantin qaydalarını pozduğuna görə 10 sutka həbs cəzası alıb. Qeyd edək ki, onun həbsi cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.

KONKRET.az karantin dövründə Kamil Zeynallı ilə bərabər geniş xeyriyyə kampaniyaları təşkil edən tanınmış prodüser Tarix Əliyevin məsələ ilə bağlı mövqeyini öyrənib. O bildirib:

– Karantin başladığı dövrdən bu kampaniyanın ən başında duran Kamil idi. Ondan sonra mən və bir çoxları yardımlara başladıq. Kamilin köməkçisi Rasim də açıqladı ki, onu sırf karantin qaydalarını pozduğuna görə həbs ediblər. Onlar Füzuli və Ucar rayonlarına yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayona getməyə icazə olmadığından Kamilə cəza verildi.

Mənim özümə də yardım etdiyim vaxtlarda yazırdılar ki, niyə rayonlara getmirəm. Mən “Xəzər” televiziyasının işçisi olmağıma baxmayaraq, yəni öz kartım var, maşınım qeydiyyatdan keçib, bu səlahiyyətlərim ola-ola rayonlara getmədim. Kamil isə rayonlara da yardım apardı və görünən odur ki, bununla da karantin qaydalarını pozmuş oldu. Biz bu məsələ ilə bağlı məhkəmənin qərarına hörmətlə yanaşmalıyıq. Çünki biz hamımız Azərbaycan Respublikasının vətəndaşıyıq və qanun hamımız üçün eynidir.

Əslində bu, uzunmüddətli bir cəza da deyil və Kamil bir dəfə də 15 sutka cəza çəkib. Əsas odur ki, o, şərəfsizliklə, pis adla tutulmayıb, sadəcə qanun pozuntusu edib. Düzdür, buna görə mən də pis olmuşam. Amma qanun qanundur və bu, illərlə sürəcək böyük bir cəza deyil. Yəni on gün dünən idi, bu gün doqquz gün oldu, sabah səkkiz gün olacaq… Və o yaxın müddətdə evinə dönəcək.

– Etiraf edək ki, Kamil Zeynallının həbsi cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Sizcə buna əsas varmı?

– Mən görürəm ki, bəzi müxalifyönlü səhifələr Kamilin həbsini böyüdürlər və onun komediyada çəkildiyi obrazı səhifələrinə qoyaraq, elə rəy yaradırlar ki, güya ona təzyiq olunub. Bütün bunların hamısı yalandır. Çünki mən onun həyat yoldaşı Gülayla və köməkçisi ilə də tez-tez danışıram. Yalandan belə şeylər edib, insanları qıcıqlandırmaq lazım deyil.

Amma onu da deyim ki, karantin qaydalarını pozan bir çox məşhurlar var ki, onlar da qanun qarşısında eyni şəkildə cavab verməlidirlər. Hansı ki, onlar da bölgələrə gediblər və bunları da öz səhifələrində paylaşıblar. Məncə, bunlar da aydınlaşdırılmalıdır. Və o məşhurlar da qaydaları pozduqlarına görə ən azından cərimələnməlidirlər ki, insanlar görsün ki, burada başqa bir məqsəd yoxdur. Bu, sırf karantin qaydalarının pozulması ilə əlaqədardır.

Bilirsiniz, Kamil yaşlı insanlara da çox qayğı göstərirdi və bəzən 65 yaşdan yuxarı olanları evlərindən çıxarırdı. Bir çox insanlar da ona baxıb belə edirdi və bununla da qanunu pozmuş olurdular. Yəqin bu səbəblərin də Kamilin həbs edilməsində rolu olub.

Ümumən isə Kamil dövlətimizi sevən və dəstəkləyən bir insandır, amma yenə deyirəm, qanun hamı üçün eynidir. İnşallah, həbsdən sağ-salamat çıxıb, evinə, ailəsinə, övladına qayıdar.

Yeri gəlmişkən, mən bəzi icra başçılarının həbsləri ilə də bağlı bir neçə söz demək istəyirəm. Cənab Prezidentimiz bu gün açıq-aşkar deyir ki, kasıbın malını yemək şərəfsizlikdir, binamusluqdur. Bundan böyük ittiham ola bilməz. Baxın, dünyanın heç bir ölkəsində, hətta Türkiyədə belə aztəminatlı ailələrə dövlət büdcəsindən ev tikilib verilmir. Belə bir təcrübə heç yerdə yoxdur. Bizim dövlətimizdə isə kasıb təbəqəyə yardımlar edilir, hətta onlara ev də tikilib verilir. Amma təəssüf ki, bəzi harınlamış, acgöz icra başçılarımız, – Allah onların bəlasını versin, – cənab Prezidentin etimadını doğrultmur, dövlətin adına xələl gətirirlər.

Siz inanın ki, İmişli rayonunda üzə çıxarılan “paçka”larla pulun dörddəbir hissəsini manata çevirib rayon camaatına paylasaydılar, karantin dövründə camaat acından yox e, kefindən yata bilməzdi. Amma heç nə eləmədilər. Əvəzində bu gün Heydər Əliyev Fondu 19 mindən çox ailəyə yardım payladı və onlar həmin yardımı da paraladılar. Deməyim odur ki, hər icra başçısı 100 minindən keçsəydi, heç bir rayonda çətinlik, problem olmazdı.

Düzdür, bəzi icra başçıları insanlara yardım elədilər. Və elə başçıların övladları var idi ki, mənə də kampaniyamda kömək etdilər, adlarının çəkilməsini də istəmədilər. Amma göründüyü kimi, bir çox icra başçıları xalqın yardımına belə əl uzatdılar. Mən əminliklə deyirəm ki, əgər hər başçı öz şəhərinin, rayonunun əhalisinə qayğı göstərsəydi, digər təşkilatların və xeyirsevər insanların yardımına o qədər də ehtiyac olmazdı.

Tarix bəy, Kamil Zeynallı ilə bağlı məlum qərardan sonra siz necə, yardımları davam etdirirsinizmi?

– Mənə gələndə, yardımlarımı mayın 4-dən dayandırmışam. Amma bilirsiniz ki, mən yardım kampaniyası çərçivəsində ən çox insanların sosial problemlərini həll etməyə çalışırdım. Bəzi insanlara ev aldırdım, onların mənzil problemlərini həll etdim. Elə hazırda iki ailə var ki, onların birinə ev alınıb təmir edilir. Bu ailənin başçısı iki övladı ilə yaşayan, göyərti yığıb satan qadındır. Hansı ki, işıqsız, qazsız, tam şəraitsiz evdə yaşayırdı. Biz ona Ramanada ev aldıq və hazırda ora təmir olunur. İnşallah beş-altı günə ora köçəcəklər. Digər bir ailə isə Badamdarda yaşayır. Onların evlərinin damı yox idi, yağış yağanda evə su damırdı. Ailədə iki qız və balaca bir oğlan uşağı böyüyür. Biz onların evini bütünlüklə təmir edirik, həmçinin onlara hamam-tualet tikdiririk.

Bundan başqa, bir uşağın gözünü əməliyyat etdirdik. Əlil arabasına ehtiyacı olan bir uşaq da var ki, mən Kamilin komandasından araba götürüb, ona aparacağam.

Ümumiyyətlə, deyim ki, mən üç ilə yaxın “Xəzər” televiziyasında veriliş aparmışam. Və həmin verilişdə, ondan qabaq da mən xeyriyyə işləri görürdüm. Hospitallarla və həkimlərlə danışıb uşaqları pulsuz sünnət etdirərək bunları “İnstaqram” səhifəmdə paylaşırdım. Amma indi bu kampaniyanı bir az qlobal elədim. Çünki bu işdə, sağ olsunlar, mənə kömək edənlər çox oldu.

Hazırladı: Sevinc Paşayeva

  • Rəşad
    May 15, 2020 - 13:03

    Bu kimi müzkirələrə qarnımız toxdur.Bu cür İnsanı,şxsiyyəti(Kamil
    Zeynallını) xalqın gpzündə alçalda bilməzsiniz.Yagin ki,atalar sözünü bilirsiniz xalqın gözü tərəzidir.
    Kimin xalı kimi nahaq olduğunu xalq yaxşı bilir.Kamilin bu ittihamları görüb ruhdan düşməməsinə inanıram.
    Onuda bilsin ki,Biz Kamili hər yöndə dəstəkləyirik.

  • mayis kazımov
    May 18, 2020 - 07:04

    Tolik,ağzın əyilər ki,deyəsən Kamil qardaşım cərimə də oluna bilərdi.Bu dövlətçiliyə birbaşa xəyanətdi.

Rəşad üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*