Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının dəyişdirilməsinə hazırlıq gedir. Fevralın 20-də Ali Məclisin yaz sessiyasının növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.
Rəsmi açıqlamada bildirilir ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib.
Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Ancaq Konstitusiyada nələrin dəyişəcəyi hələlik məlum deyil.
KONKRET.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Konstitusiyasında ən vacib dəyişiklik Naxçıvan Ali Məclisinin sədrinin xüsusi statusu ilə bağlıdır.
Dəyişiklik əsasında Ali Məclisin sədrinin “ali vəzifəli şəxs” statusu ləğv edilə bilər. Qeyd edək ki, Ali Məclisin sədrinin həm qanunverici orqana rəhbərlik etməsi, həm də ali vəzifəli şəxs olması birmənalı qarşılanmır. Dəyişikliklərdən sonra hüquqi problem aradan qaldırılacaq.
Milli Məclisin Naxçıvandan seçilən deputatı Vüqar Rəhimzadə bir neçə gün əvvəl saytımıza açıqlamasında bildirib ki, Naxçıvanda yeni idarəçilik qaydalarının yaradılması Muxtar Respublikanın Konstitusiyasında dəyişikliklər edilməsi zərurəti yaradıb. O deyib ki, hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. “Konstitusiya və Suverenlik İli”ində həyata keçirilən bu islahat ölkəmizin ayrlmaz parçası olan Naxçıvanın daha da inkişafına xidmət edəcək”.
Xatırladaq ki, Naxçıvan Ali Məclisinin sonuncu sədri Vasif Talıbov olub. O, 1995-2022-ci illərdə bu vəzifəni tutub. Naxçıvan Konstitusiyası da onun dövründə qəbul edilib.
Vasif Talıbovun istefasından sonra onun yerinə heç kim seçilməyib. Ötən ilin sentyabrın 1-də keçirilən parlament seçkilərində Naxçıvan Ali Məclisi, demək olar ki, tam yenilənib. Ancaq seçkidən sonra da heç kim sədr postuna gətirilməyib.
Konstitusiyaya dəyişiklik edilməsindən və Ali Məclis sədrinin səlahiyyətlərinin aydınlaşmasından sonra yeni sədrin seçiləcəyi gözlənilir.