Xəbər verdiyimiz kimi, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ölkə başçısı sosial-iqtisadi həyatımızın bütün sahələri ilə bağlı paralellər aparıb, uğurları təqdir edib, nöqsanlar barədə iradlarını bildirib. İlham Əliyevin hesabat xarakterli çıxışında ən çox üzərində dayandığı məsələ Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələr oldu.
Məlum oldu ki, baş verənlər barədə Azərbaycan Prezidentində müfəssəl məlumat var. Ona görə də baş vermiş insidentin bütün tərəflərinə diqqət yetirən ölkə başçısı zərgər dəqiqliyi ilə bütün daşları yerinə otuzdurdu. Və bu xoşagəlməz hadisədə bütün günahkar tərəflərin məsuliyyətini izah etdi.
Baxmayaraq ki, ölkə başçısının bu çıxışına qədər bəziləri Söyüdlüdə baş verənlərə siyasi don geyindirməyə, hətta xarici xüsusi xidmət orqanları tərəfindən hazırlanmış bir oyun kimi təqdim etməyə çalışırdılar. Lakin Prezident İlham Əliyev qəti şəkildə bildirdi ki, bu insident bəzi dövlət qurumlarının və istehsalçı şirkətin məsuliyyətsizliyi üzündən baş verib. Təbii ki, yerli sakinlər də etirazlarını bir qədər radikal ifadə ediblər.
Müşavirədə Prezidentin ən böyük iradı dövlət komissiyasına oldu. Gözləmək olardı ki, ölkə başçısının irad və tənqidlərindən sonra hökumət komissiyası ortaya konkret mövqe qoyacaq, səbəblər və günahkarlar barədə geniş hesabat təqdim edəcək. Lakin bu, belə olmadı. Hökumət komissiyası müşavirənin ertəsi günü tez-tələsik toplaşdı və ümumi söz yığınından ibarət bir açıqlama verildi. Təbii ki, hökumətin bu mövqeyi Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi qarşısında çox sönük və cəsarətsiz görünürdü. Hökumət komissiyasının hesabatı hər mənada ölkə başçısının dediklərinin bəsit formada təkrarlanması idi. Bu da onu göstərdi ki, Nazirlər Kabineti Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarından və tələblərindən çox-çox geri qalır.
Müşahidələr göstərdi ki, ölkə başçısının qəti tapşırığı olmasaydı, komissiya heç bir hesabat vermək fikrində deyilmiş. Əks halda komissiya ortaya faktlara söykənən, obyektiv bir hesabat qoyardı. Bunun üçün də kifayət qədər arqument var. Çünki Söyüdlüdə əhalinin narazılığı dünənin söhbəti deyildi. Yəni kənd camaatı mədənçilərin ətraf mühitə vurduqları zərərlə bağlı davamlı şəkildə öz narazılıqlarını bildiriblər, müvafiq qurumlar qarşısında məsələ qaldırıblar. Lakin sakinlərin haqlı narazılığı heç bir qurum, hətta Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən belə eşidilməyib.
Hökumətin hesabatında əslində bu fakt təsdiq olunub. Hesabatdan bəlli olub ki, 2018-ci ildən bu yana nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nə FHN, nə Rayon İcra Hakimiyyəti, nə də digər qurumlar mədənçilərin törətdikləri özbaşnalıqlara müdaxilə edib. Ən dəhşətlisi isə odur ki, ETSN son 5 ildə Söyüdlüdə aparılan ekoterror barədə məlumatsız olub. Daha doğrusu, nazirliyin heç bir qurumu və əməkdaşı təhlükəli bölgəyə ezam olunmayıb.
Xatırladaq ki, 2018-ci ildən nazirliyə Muxtar Babayev rəhbərlik edir. Təkcə Söyüdlüdə baş verənlər göstərdi ki, Muxtar Babayev ölkənin ekoloji vəziyyətindən tam məlumatlı deyil. Və deyəsən, onu öyrənməyə də həvəsli görünmüt. Belə olmasaydı, prezidentin tapşırığı ilə Söyüdlüdəki ekoloji vəziyyəti öyrənib təhlil etmək üçün xaricdən mütəxəssislər dəvət olunmazdı. 30 illik müstəqillik dövründə və ən başlıcası müxtəlif layihələrlə dövlət vəsaitini talan edən ETSN son 5-10 ildə güclü kadr potensialı yaradardı. Amma nəyə görəsə Muxtar Babayev buna ehtiyac duymayıb. Görünür, o, özfəaliyyətlə məşğul olmağa daha çox üstünlük verib. Nazirin təşkil etdiyi mətbuat konfransına ancaq özünə yaxın media orqanlarını dəvət etməsi də onu göstərir ki, Muxtar Babayev açıq suallardan yayınıb.
Nəhayət, Söyüdlü hadisəsi və Prezident İlham Əliyevin son çıxışı göstərdi ki, Azərbaycan hökuməti və bir sıra icra strukturları zamanla və ölkə başçısının çağırışları ilə qətiyyən ayaqlaşmır. Bu isə nəinki ölkə başçısının müəyyən etdiyi böyük hədəflərə çatmağa əngəl yaradır, üstəlik, dövlətin imicini ciddi şəkildə zədələyir, xalqla hökumət arasında dərin uçurum yaradır. Söyüdlü hadisələri bir məsələni də xüsusi olaraq qabartdı ki, Nazirlər Kabineti çevik və effektli qurum deyil, nəticələri proqnozlaşdıra bilmir. Qüsurlu fəaliyyət Kabinetin cəmiyyətdə də nüfuzuna xeyli mənfi təsir göstərdi, fəaliyyəti isə yalnız media ilə piar işinə köklənib. Ona görə də ortada real nəticələr yoxdur.
Normal cəmiyyətdə belə hadisədən sonra Muxtar Babayev, Kəmaləddin Heydərov, ən yaxşı halda isə Nazirlər Kabinetinin rəhbəri istefa verməli idi. Çünki istefa mədəniyyəti də dövlətə və dövlət başçısına sədaqətin bir formasıdır. Həmin addımla Söyüdlü hadisələrində birbaşa günahkar olan yüksək çinli məmurlar dövlətin imicini zədələnməkdən qorumalı idilər. Amma gözlənilən istefalar yəqin ki, olmayacaq. Çünki bir çox məmurların sədaqəti ancaq kresloyadır.
KONKRET.az-ın ANALİTİK QRUPU