Nazirlikdən “Starex” karqo şirkəti barədə şikayətə CAVABbackend

Nazirlikdən “Starex” karqo şirkəti barədə şikayətə CAVAB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Starex” karqo şirkətinin müştərini çəkidə aldatması barədə sorğuya cavab verib.

KONKRET.az xəbər verir ki, nazirlikdən Pravda.az-a verilən məlumatda xatırladılıb ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsinə əsasən, sürətli poçt xidməti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxildir.

Bildirilib ki, bu fəaliyyət növü üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il 6 fevral tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.41.-ci yarımbəndinə əsasən, çəkisi, üzərində göstərilənə uyğun olmayan və ya xarici əlamətlərinə görə tərkibinin çatışmazlığı, dəyişdirilməsi, zədələnməsi, yaxud korlanması (üzlüyün, sarığın, möhürün, yapışqanlı lentin və s. zədələnməsi) güman olunan poçt göndərişi qüsurlu poçt göndərişi hesab olunur. Həmin Qaydaların 1.4.36-cı yarımbəndinə əsasən, qeydiyyatlı poçt göndərişi qəbz verilməklə göndərilmə üçün qəbul edilən, müşayiət sənədlərinə yazılmaqla göndərilən və imza etdirilməklə alıcıya çatdırılan poçt göndərişidir. Həmin Qaydaların 9.43-cü bəndinə əsasən isə mal tərkibli qeydiyyatlı poçt göndərişlərinin (kiçik paketlərin, “M” kisələrinin, bağlamaların və sürətli poçt göndərişlərinin) və qiyməti bəyan olunmuş poçt göndərişlərinin verilməsi zamanı poçt işçisi faktiki çəkinin poçt göndərişinin üzərində göstərilən çəkiyə uyğunluğunu, qablaşdırmanın, möhürün və plombun bütövlüyünü yoxlayır. Ünvançı öz imzası ilə poçt göndərişinin alınmasını, onun çəkisinin uyğunluğunu, qablaşdırmanın, möhürün və plombun bütövlüyünü təsdiq edir. Alıcının istəyi əsasında bu göndərişlər onun iştirakı ilə poçt obyektində açılır. Əlavə olaraq bildiririk ki, “Poçt haqqında” qanunun 21.1.-ci maddəsinə əsasən, poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra edilmədikdə və ya qismən icra olunduqda istifadəçi poçt rabitəsi operatoruna öz iradını bildirmək hüququna malikdir. Qanunun 21.3.-cü maddəsinə əsasən, istifadəçilərin daxili göndərişlərə dair iradına 15 (on beş) iş günü ərzində, beynəlxalq göndərişlərə görə iradına isə 3 (üç) ay ərzində baxılmalı və qəbul olunan qərar barədə dərhal istifadəçiyə yazılı məlumat verilməlidir. Həmçinin sözügedən qanunun 21.4-cü maddəsinə əsasən, istifadəçinin iradı poçt rabitəsi operatoru tərəfindən təmin olunmadıqda və ya qismən təmin edildikdə, yaxud baxılmasının nəticəsi haqqında vaxtında cavab alınmadıqda istifadəçi iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir”, – sorğuya cavabda qeyd olunub.

Qeyd: “Starex” karqo ilə bağlı şikayəti tanınmış jurnalist Səadət Məmmədova edib. Onun iddiasına əsasən, şirkət gətirilən məhsulun çəksini düzgün hesablamır.

“Türkiyədən qida əlavəsi sifariş vermişəm, Azərbaycana birbaşa çatdırılması mümkün olmadığı üçün “Starex karqo” vasitəsilə sifariş etdim. “Starex” məhsulun çəkisini 720 qram hesablayıb, yüngül qutu üçün 6.12 AZN pul alıb. Təəcübləndim ki, axı burada 720 qram yoxdur. Evdə çəkdim, məlum oldu ki, 101 qram çəkisi var. Bu qədər də olmaz, insaf da yaxşı şeydir. Bu karqoların fəaliyyətinə baxan yoxdurmu?” – S.Məmmədova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*