“Mənim üçün böyük şərəfdir ki, səsimi Nazpəri Dostəliyeva kimi sənətkarın səsinə bənzədirlər”.
Bu sözləri telekanallardan birində “Azərbaycanın Səsi” layihəsinin iştirakçısı olan müğənni Ofeliya Şabanova deyib. O, Nazpəri xanımın onun haqqında dediyi “Mən Ofeliya Şabanovada özümü gördüm” fikirlərindən qürur duyduğunu gizlətməyib. Müğənninin Flora xanımdan sitat gətirməsi isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. “Bir zamanlar Flora Kərimova da Nazpəri xanım haqqında “Mən onda özümü görürəm” sözlərini işlədib”, – fikri müğənnini hədəfə gətirib. Bir çoxları Flora xanımın ifa tərzi və səs tembrinin Nazpəri Dostəliyeva ilə uzlaşmadığını əsas gətirərək, xalq artistinin bu cür ifadə işlətmədiyini bildiriblər.
Bəs, görəsən, Flora Kərimova özü bu barədə nə deyir?
Məsələ ilə bağlı KONKRET.az-a danışan xalq artisti bunları dilə gətirib: “Nazpəri Dostəliyeva yaradıcılığının ilk illərində Siyavuş Kəriminin aranjimanında “Dilbərim” mahnısını ifa edib. O mahnının nəqarətində zilə qalxmaq hissəsi vardı. Mahnıda sanki bir üsyan hiss edilirdi. Məhz həmin ifada mən özümü gördüm. Çünki adətən bizim müğənnilərimiz mahnıları ya çox mülayim ifa edirlər, ya da əvvəldən qışqıraraq oxuyurlar. Yəni bütün hissiyyatlarını başdan dilə gətirirlər. Mən isə müğənninin “sanki insanlarla söhbət edərək dərdini danışır” kimi ifa etməsinin tərəfdarıyam. Yəni mahnının ifası zamanı hadisələr yavaş-yavaş başlamalı və sonra kulminasiya nöqtəsinə çatmalıdır. Müğənni mahnının birinci bəndində dərdini danışır, dinləyici ilə bölüşür. Bu, yavaş-yavaş baş verməlidir. Daha sonra coşqu və üsyan olmalıdır”.
Xalq artisti bildirib ki, Nazpəri Dostəliyevanın “Dilbərim” mahnısını ifa edərkən bu hissləri yaşadığını duyub: “O zaman Nazpəri xanım məni xatırlatdı. Çünki mən də həmişə məhz bu cür ifa tərzi nümayiş etdirmişəm. Belə ifa tərzi məhz mənimlə başlayıb. Əvvəl sanki söhbət edir, dərdini açırsan, sonra gah göz yaşı, gah da hayqıraraq üsyan edirsən. Bu zaman mahnının obrazı yaranır. Yəni musiqi canlı bir varlığa dönür. Dinləyici artıq həmin mahnını gözü ilə görməyə başlayır. Hər sözündə insanın özü canlanır, iztirabları əks olunur. Mənim mahnıya münasibətim hər zaman bu cür olub. Nazpəri Dostəliyevanın ifasında səslənən “Dilbərim” mahnısında da mən həmin çalarları hiss etdim. Bu zaman da “Nazpəri Dostəliyevada özümü görürəm” fikirlərini dilə gətirdim və peşman deyiləm. Çünki Nazpəri xanımın səsini və ifasını çox bəyənirəm. Eyni zamanda o, çox qabiliyyətli xanımdır. Mənim üçünsə ilk növbədə sənət adamının sadəliyi və insanlığı önəmlidir. Nazpəri Dostəliyevada bu xüsusiyyətləri gördüyüm üçün də həmin fikirləri səsləndirmişəm”.
Müşviq Tofiqoğlu,
KONKRET.az