Neftdən asılılığı aradan qaldıra bilmirikbackend

Neftdən asılılığı aradan qaldıra bilmirik

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına 10 pilotsuz təyyarə ilə hücum həyata keçirilib.

Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir.

Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda, neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub. fut həcmində azaldıb.

Bəzi ekspertlər yaxın gələcəkdə neftin qiymətlərinin yüksək olacağını pronozlaşdırırlar. Partlayışdan sonra dünya birjalarında neftin qiymətlərində 20 faizlik yüksəlmə müşahidə edilir.

Bu ərəfədə isə Azərbaycan Maliyyə Nazirliyi 2020-ci il üçün dövlət nüdcəsində neftin 1 barrelinin 55 dollardan götürüldüyünü açıqlayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, əslində neftin qiymətində müşahidə edilən 20 faizlik artım uzunmüddətli dövrü əhatə etməyəcək:

“Səudiyyə Ərəbistanında baş vermiş partlayışdan sonra qeydə alınan artım müvəqqətidir. Partlayışın nəticələri aradan qaldırıldıqdan sonra neftin qiymətində enmələr müşahidə olunacaq.

Mən inanmıram ki, neftin qiyməti uzun müddət yüksək qalsın. Təmir-bərpa işləri həyata keçirildikdən sonra neft qiymətləri düşəcək.

Amerika Birləşmiş Ştatları ehtiyat fondundan bazara neft çıxaracağı gözlənilir. Ona görə də indiki qiymətlər müvəqqəti xarakter daşıyır”.

V.Əhmədov qeyd edib ki, indiki halda neftin qiymətlərinin 55 dollardan götürülməsi məqbuldur:

“Hətta 50 dollar səviyyəsində götürülməsi daha məqsədəuyğundur. Çünki hadisələr səngiyəndən sonra neftin qiymətləri yenidən düşəcək.

Ümumiyyətlə bizim mövqeyimiz həmişə bundan ibarət olub ki, daha çox qeyri-neft sektorunun inkişaf etdirilsin. Bu bizim neftdən asılılığımızın da azalmasına gətirib çıxarar.

Amma hələlik neftdən asılılığı aradan qaldıra bilmirik. Hazırda dövlət büdcəsinin 57-60 faizi neftdən asılıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*