Neftlə bağlı narahatlıq yaradan məqam: Dəyişiklik olacaq?backend

Neftlə bağlı narahatlıq yaradan məqam: Dəyişiklik olacaq?

Son günlər dünya siyasətində baş verən gərginliklər neft bazarına da təsirsiz ötüşmür. İsrailin Qətərin paytaxtı Dohaya hücumu, Rusiyanın Polşa hava məkanına müdaxiləsi və sair kimi hadisələr enerji bazarında qeyri-müəyyənliyi artırıb. Bildirilir ki, belə gərginliklər neftin qiymətində dalğalanmalara səbəb ola bilər.

Vəziyyət necə olacaq? Azərbaycan neftini nələr gözləyir?

KONKRET.az xəbər verir ki, globalinfo-a danışan iqtisadçı Fuad İbrahimov xatırladıb ki, İran və İsrail arasındakı 12 günlük münaqişə zamanı Hörmüz boğazının bağlanması ehtimalı da gündəmə gəlmişdi:

“Bu boğaz, xüsusilə neft və qazın daşınmasında strateji əhəmiyyətə malikdir. Lakin buna baxmayaraq, dünya bazarları bu xəbərə impulsiv reaksiya vermədi. Neft qiymətləri müəyyən dəhliz daxilində üfüqi dalğalanma ilə stabilliyini qorudu. Bundan əvvəl Rusiya-Ukrayna müharibəsi zamanı da bənzər vəziyyət müşahidə olundu. Müharibənin qlobal enerji bazarına potensial təsirinə baxmayaraq, neft qiymətlərində ciddi təlatüm baş vermədi. Burada tarixi kontekstə diqqət yetirmək lazımdır. Xüsusilə pandemiya dövründə və ondan bir qədər əvvəl OPEC və OPEC+ formatında neft hasil edən ölkələrin apardığı danışıqlar nəticəsində hasilat müəyyən çərçivəyə salındı. Həmin dövrdə neft qiymətləri tarixdə görünməmiş səviyyəyə düşmüşdü. Məsələn, ABŞ-da “West Texas Intermediate” markalı neftin qiyməti müəyyən bir mərhələdə birjalarda mənfi həddə qədər geriləmişdi. Bu durum sonradan tənzimləndi və OPEC+ çərçivəsində hasilat siyasətləri yenidən koordinasiya olundu”.

İqtisadçı qeyd edib ki, Polşa və ya Dohada baş verən hadisələrin neft qiymətlərinə ciddi, davamlı təsir göstərməsi ehtimalı azdır:

“Belə siyasi proseslər yalnız qısa müddətli və impulsiv qiymət dalğalanmalarına səbəb ola bilər. Çünki bu kimi informasiyaların özü birbaşa olaraq təklif və tələbat balansını pozacaq gücə malik deyil. Nəzərə almaq lazımdır ki, bazarda spekulyativ amillər də mövcuddur. Yəni müəyyən bir hadisə və ya məlumat əsasında bazarda gözlənti formalaşır, lakin nəticə bununla üst-üstə düşmür. Məsələn, dünya üzrə neft hasilatı dayanarsa, məntiqə görə qiymətlər bahalaşmalıdır. Amma bazarda gözlənilənin əksinə, qiymətlər ucuzlaşa bilər. Bu, spekulyativ alətlərin və bazar iştirakçılarının psixoloji davranışlarının təsirindən irəli gəlir.

Hər hansı münaqişənin, xüsusən də enerji daşıyıcılarının daşınmasına təsir edə biləcək hadisələrin qiymət artımına səbəb olması gözləniləndir. Ancaq tarixi təcrübə göstərir ki, bu kimi hadisələr artıq bazarlar tərəfindən əvvəlcədən qiymətləndirilir və çox vaxt ciddi dəyişikliklərə səbəb olmur. Məsələn, Doha Fars Körfəzi regionunda yerləşdiyi və mühüm karbohidrogen ehtiyatlarına malik olduğu üçün nəzəri olaraq qiymətə təsir edə bilər. Amma real vəziyyət və təcrübələr bu təsirin məhdud olacağını göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*