İsrailin Qəzza bölgəsində həyata keçirdiyi genişmiqyaslı quru əməliyyatlarının məqsədi açıqlanıb. Maraqlıdır, Netanyahu tərəfindən elan olunan genişmiqyaslı quru əməliyyatlarının məqsədi nədir və İsrail üçün strateji nəticələri nələr ola bilər?
Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, Təl-Əviv bu əməliyyatları zərurət kimi qiymətləndirir.
Onun sözlərinə görə, İsrail tərəfi birdəfəlik bütün təhdidləri neytrallaşdırmaq və bölgə üzrə tam nəzarəti bərpa etmək üçün bu addımı atdığını açıqlayır:
“İsrailin bu cür aqressiv və radikal addımları beynəlxalq miqyasda ciddi tənqidlərə səbəb olur. Xüsusilə, Fransa və İspaniya bu məsələdə İsrailə qarşı sərt mövqe sərgiləyir. Netanyahu isə onlara kəskin cavab verir. Baş nazir başladığı hərbi strategiyaları yekunlaşdırmaq və bununla siyasi qələbə qazanmaq istəyir. Bu, daha çox daxili auditoriyaya hesablanmış addımdır. Çünki Netanyahu ölkə daxilində ciddi siyasi çətinliklərlə və müxalifətin narazılığı ilə üz-üzədir”.
İlyas Hüseynov qeyd edib ki, əməliyyatlar həm də böyük humanitar fəlakətə yol açır:
“Davamlı atəş nəticəsində bölgədə dinc əhali əziyyət çəkir. İnsanlara bölgəni tərk etməklə bağlı çağırış edilsə də, qida və su təminatında ciddi çətinliklər mövcuddur. Bu vəziyyət yalnız regional deyil, həm də qlobal humanitar problemləri dərinləşdirir”.
Aynurə İsmayıl
KONKRET.az