Priqojin Rusiya hakimiyyətini sərt tənqid edib.
KONKRET.az xəbər verir ki, “Vaqner” özəl hərbi təşkilatının yaradıcısı və rəhbəri Yevgeni Priqojin Rusiya hakimiyyətini yenidən sərt tənqid edib.
O, mayın 9-da keçirilən paradı televiziya ilə yayımladığına görə Putini qınayıb.
“Qələbə günü babalarımızın qələbəsidir, biz bu qələbəyə layiq deyilik. Bizim hər şeyimiz televiziyadadır, Ukraynanın isə hücumu reallıqda, döyüş meydanındadır.
Mən hər kəsi babalarımızın qazandığı Qələbə münasibəti ilə təbrik edirəm, amma bizim nəyi qeyd etdiyimiz böyük sual altındadır. Sadəcə onları həmişə xatırlamalısan, lakin Qırmızı Meydana çıxmamalısan”, – deyə Priqojin bildirib.
O, yenidən Rusiya rəhbərliyinə ultimatum təqdim edib və döyüşçülərinə döyüş sursatı almasa, Baxmutdakı mövqelərini tərk edəcəklərini deyib.
“Qoşunlara sursat verilmir, anbarlarda saxlanılır. Nə üçün, heç kim bilmir. Əsgərimizin həyatını xilas etməkdənsə, onları öldürürlər. Xoşbəxt baba (Putin – red.) düşünür ki, hər şey yaxşıdır. O düşünmür ki, övladlarımız və nəvələrimiz nə edəcək, Rusiyanın gələcəyi necə olacaq və müharibədə necə qalib gələcəyik”, – deyə Priqojin qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az