“Nikol Paşinyan ölüb-dirilən zaman onu kim əvəzləyib?”.
KONKRET.az xəbər verir ki, Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Qazaryan Baş nazirlik ofisinə yazılı sorğu göndərib.
“İnanıram ki, qaldırılan sualların cavabları təkcə məni deyil, bütün cəmiyyəti narahat edir.
Cavabı alan kimi dərc etməyi özümə borc bilirəm”, – deyə Qazaryan Facebook səhifəsində sorğunun skrinşotunu yerləşdirərək yazıb.
Müraciətdə deyilir:
“2023-cü il mayın 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyanın erməni icmasının nümayəndələri ilə görüşü zamanı bu fikri ifadə edib: “Son 5 il ərzində mən yüz dəfə ölüb-dirilmişəm”.
Ermənistan Respublikası Konstitusiyasının 42-ci və 51-ci maddələrinə, “İnformasiya azadlığı haqqında” Ermənistan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, Paşinyanın keçmişdə öldüyü və dirildiyi bütün günlər – həm ölüm, həm də dirilmənin konkret tarixlərini göstərən 5 il barədə məlumat verməyinizi xahiş edirəm.
Eyni zamanda, aşağıdakı suallara cavab verməyinizi rica edirik:
– Baş nazir Nikol Paşinyanın ölümü zamanından dirilənə qədər onu kim əvəz edib?
– Ermənistan Respublikası Konstitusiyasının 158-ci maddəsinə uyğun olaraq Baş nazirin ölümü ilə əlaqədar onun vəzifəsinin boş qaldığı günlərdə hansı proseslər baş verib?
– Nikol Paşinyanın vəfat etdiyi günlərə görə maaşı hesablanıb və ödənilibmi?”, – deyə Qazaryan ritorik suallarla Paşinyanın ofisinə müraciət edib.
Xuraman Etibarlı,
KONKRET.az