“Azərbaycanda müəllimlər üçün tətbiq olunan sertifikatlaşdırma sistemi təhsilin keyfiyyətinin artırılmasına, əməkhaqqının diferensiallaşdırılmasına və peşəkar inkişafın stimullaşdırılmasına xidmət etdiyi halda, məktəb direktorlarının bu prosesə cəlb olunmaması sistemdə qeyri-bərabərlik və nəzarət boşluğu yaradır”.
Bu fikirləri təhsil eksperti Kamran Əsədov KONKRET.az-a açıqlmasında səsləndirib.
“Mövcud qanunvericilik direktorların vəzifəyə təyinində pedaqoji təcrübə və idarəetmə bacarığını tələb etsə də, onların dövri şəkildə fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulmur. Bu isə rəhbər şəxslərin peşəkarlığının yoxlanmaması və inkişafının stimullaşdırılmaması ilə nəticələnir. Son illərdə direktorlarla bağlı qeydə alınan neqativ hallar, qanunsuz pul yığımı, etik pozuntular və idarəetmə problemləri bu boşluğun nəticəsidir. Rəsmi məlumata görə, 2023-cü ildə 40-dan çox direktor intizam məsuliyyətinə cəlb olunub, 15-ə yaxın şəxs vəzifədən azad edilib”.
Ekspert qeyd edir ki, beynəlxalq təcrübədə isə direktorların mütəmadi olaraq sertifikatlaşdırılması və peşəkar inkişaf proqramlarına cəlb olunması vacib şərtlərdən sayılır. Kanada, Avstraliya və Finlandiyada bu model uzun illərdir tətbiq olunur və müsbət nəticələr verir.
“Azərbaycanda da direktorlar üçün sertifikatlaşdırmanın tətbiqi idarəetmədə məsuliyyəti və şəffaflığı artırar, zəif kadrların ayırd edilərək yeniləri ilə əvəzlənməsinə şərait yaradardı. Bu addım məktəbdaxili iqlimə, müəllim motivasiyasına və ümumilikdə təhsil nəticələrinə müsbət təsir göstərə bilər. Əks halda, mövcud paradoks davam edəcək: müəllimlər qiymətləndiriləcək, direktorlar isə sistemin zəif halqası olaraq qalacaq”.
Aynurə İsmayıl
KONKRET.az