İki əsr ərzində İsveçrə öz neytrallıq siyasətinə sadiq qalıb – müharibələrdə iştirak etməyib, hərbi və siyasi ittifaqlara girməyib. Lakin Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra İsveçrə iki əsrlik ənənəsini pozaraq Avropa İttifaqının (Aİ) anti-Rusiya sanksiyalarına qoşulub. O, Rusiya vətəndaşlarının və şirkətlərinin aktivlərini dondurub, həmçinin qızıl tədarükünə embarqo qoyub. Bu qərar həm ölkə daxilində, həm də xaricdə kəskin tənqid olunub. Çünki bu, neytral statusun açıq şəkildə pozulmasıdır. Eyni zamanda, İsveçrə Qərb tərəfdaşlarının təzyiqlərinə baxmayaraq, Ukraynaya silah və hərbi malların tədarükünə qadağa qoyub. Bəs İsveçrə dünya müharibələri zamanı neytral qalmağı necə bacarıb?
KONKRET.az bu haqda maraqlı araşdırmanı təqdim edir:
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlaması ilə Avropanın bir çox neytral ölkələri çoxəsrlik reputasiyalarını itirdilər. Aİ və NATO üzvü olmasa belə, dekabrın 16-da yeni anti-Rusiya sanksiyalar paketinə qoşulan İsveçrə də istisna deyil. Məhz buna görə də, neytrallıq zonasını tərk edən İsveçrə münaqişələrin bitdiyi və danışıqların başladığı əsas ərazilərdən biri olmaq statusunu itirir. Siyasi ekspertlər və jurnalistlər İsveçrə hökumətinin xarici siyasət qərarlarını tənqid etdikdən sonra ölkə rəhbərliyi hətta 1993-cü ildən bəri neytrallığa dair ilk hesabatı da açıqlayıb. Xüsusilə iqtisadi məhdudiyyətlərin tətbiqinin neytral statusa zidd olmadığı və yalnız ölkənin siyasi mövqeyini əks etdirdiyi bildirilib.
Bu arada İsveçrə prezidenti İqnazio Kassis dəfələrlə bəyan edib ki, ölkə müdaxilə etməmək ənənəsini pozmayacaq və hətta münaqişəyə qatılmayacaq. Məhz buna görə də İsveçrə Ukraynaya silah verməkdən imtina edərək, yalnız humanitar yardımla kifayətlənir və minlərlə qaçqını qəbul edir. Beləliklə, neytral ölkə kimi reputasiyasını qorumağa çalışır.
İsveçrə nominal olaraq planetin sonuncu konfederasiyası olaraq qalır, amma əslində o, federal demokratik respublikadır. Onun xarakterik xüsusiyyəti mərkəzsizləşdirmə və inkişaf etmiş yerli özünüidarəetmədir. İsveçrə birbaşa demokratiyanın beşiyidir, çünki onun cəmiyyəti çox siyasiləşib və vətəndaşların əksəriyyəti siyasi qərarların qəbulunda iştirak edir. Ölkədə mühüm siyasi və sosial məsələlərlə bağlı əhali arasında çoxsaylı sorğular keçirilir. Ölkə 26 muxtar bölgəyə – kantonlara və yarımkantonlara bölünür. İsveçrənin bütün bölgələri çox millətlidir, sakinləri fransız, italyan və alman dillərində, eləcə də Romanş dilində danışırlar. Lakin belə etnik tərkib dövlətin birləşməsinə və sabitliyinə sərfəli deyil. Ona görə də zaman keçdikcə bir-birindən fərqli İsveçrə cəmiyyətini birləşdirən və onun şəxsiyyətini formalaşdıran əsas amilə çevrilən neytrallıq ideyası olub. İsveçrə 1815-ci ildə Vyana Konqresində bunu təmin edərək, 200 ildən artıqdır ki, neytral dövlət statusunu qoruyub-saxlayır. Daha sonra ölkə heç bir münaqişədə birbaşa və ya dolayısı ilə iştirak etməmək, müharibə iştirakçılarına silah və muzdlular verməmək, hərbi bloklara və ittifaqlara qoşulmamaq öhdəliyini üzərinə götürüb. Eyni zamanda, digər dövlətlər İsveçrənin neytral statusuna hörmətlə yanaşaraq ona müharibə elan etməyəcəklərinə dair öhdəlik götürüblər. 1848-ci ildən isə neytrallıq prinsipi konstitusiyaya çevrilib.
Qeyd edək ki, İsveçrə 20-ci əsrin tarixinin ən çətin dövrlərində – dünya müharibələri zamanı belə neytral qalmağı bacarıb. Rusiya Beynəlxalq Məsələlər Şurasının (RİAC) baş direktoru Andrey Kortunovun sözlərinə görə, İsveçrə üçün neytrallıq siyasi seçim məsələsi deyil, dövlət quruluşunun, etnik mənsubiyyətinin xüsusiyyətlərinin əksidir. Politoloq hesab edir ki, Avropada münaqişə baş verərsə, Qərbin böyük güclərindən birinin tərəfinə keçmək cəhdləri İsveçrə Konfederasiyasının parçalanmasına və hətta dağılmasına gətirib çıxara bilər. İsveçrənin seçimi yoxdur. İstənilən mövqe tutmaq cəhdi ölkə üçün ən ciddi mənfi nəticələrə gətirib çıxara bilər. Buna görə də isveçrəlilər öz neytrallığını çox yüksək qiymətləndirirlər.
İkinci Dünya Müharibəsi zamanı neytral mövqe İsveçrəyə nəinki itkilərdən və dağıntılardan qaçmağa, həm də münaqişədən faydalanmağa imkan verdi. Müharibə bitdikdən sonra İsveçrə nasistlərlə tərəfdaşlığına görə tənqidlərlə üzləşdi. Beləliklə, Konfederasiya Almaniya və İtaliya mallarının, o cümlədən hərbi məhsulların öz ərazisindən tranzitinə icazə verdi. Bundan əlavə, ölkə Üçüncü Reyxə qızıl satdı və bu, Hitlerə ordunu maliyyələşdirməyə imkan verdi. Lakin tənqidlərə baxmayaraq, ölkə neytral dövlət kimi reputasiyasını qoruyub-saxlaya bildi və hərbi münaqişələrə qarışmamaq siyasətinə sadiq qalmağa davam etdi. Amma İsveçrəni ideoloji cəhətdən neytral ölkə adlandırmaq olmaz, çünki soyuq müharibənin başlanğıcından bu günə qədər Qərbin siyasi xəttinə sadiq qalıb.
Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasından bəri ölkə NATO ilə əməkdaşlığı gücləndirmək barədə düşünür. Bu cür niyyətlər ölkənin digər məsələlərlə yanaşı, neytrallıq konsepsiyasına yenidən baxmaq planlarından xəbər verə bilər. Vətəndaşların çoxu İsveçrənin NATO ilə tərəfdaşlığının gücləndirilməsini dəstəkləyir. Eyni zamanda, Sotomo sorğusuna əsasən, isveçrəlilərin yalnız 33 faizi NATO-ya tam üzv olmağın tərəfdarıdır. Lakin Ukraynada münaqişə başlayandan sonra bu rəqəm artıb. Bununla belə, İsveçrənin öz təhlükəsizliyini təmin etməsi üçün NATO-ya üzvlüyü əslində vacib deyil. Müharibələrdə iştirakdan imtina etməsinə baxmayaraq, ölkə dünyanın ən güclü və yaxşı təlim keçmiş ordularından birinə sahibdir. Məsələn, ölkədə 18 yaşdan 21 yaşa qədər bütün gəncləri əhatə edən icbari hərbi xidmət haqqında qanun mövcuddur. Vətəndaş xidməti başa vurduqdan sonra geyim formasını və xidməti silahını özü ilə aparır. Belə ki, isveçrəlilərin əksəriyyəti silahlıdır və hər an səfərbər olmağa hazırdır. Ölkənin səfərbərlik ehtiyatları 1,5 milyon nəfərdən çoxdur. 2022-ci ildə hakimiyyət hətta qadınlar üçün məcburi hərbi xidmətin tətbiqi barədə də fikirləşib. Güclü orduya əlavə olaraq, Konfederasiya sakinləri bombardmanlardan və texnogen fəlakətlərdən qorumaq üçün yaradılmış çoxlu sayda bunker və bomba sığınacaqlarına malikdir. Hesablamalara görə, ölkə üzrə 20 minə yaxın bunker, həmçinin 300 mindən çox şəxsi sığınacaq var. Bu gün İsveçrə nüvə müharibəsi zamanı potensial olaraq bütün əhalisini xilas edə biləcək yeganə ölkədir.
Məlumat üçün bildirək ki, 2002-ci ildə, yarım əsrlik müzakirələrdən sonra İsveçrə BMT-yə üzv olub. Ölkə təşkilata qoşulmazdan əvvəl də dünyanın müxtəlif yerlərində humanitar missiyalarda fəal iştirak etməklə yanaşı, diplomatik proseslərə də vasitəçi kimi qoşulub. Məhz bu uzunmüddətli neytrallıq İsveçrəyə münaqişələrdə dünyanın əsas moderatoru və vasitəçisi kimi şöhrət qazanmağa imkan verib. BMT-yə üzvlük ölkə üçün diplomatik funksiyaları genişləndirmək baxımından yeni imkanlar açıb. Belə ki, bu gün Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Avropa bölməsi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi bir çox beynəlxalq təşkilatların qərargahları fəaliyyət göstərir. Ölkə ərazisində dünya liderlərinin iştirakı ilə tədbirlər tez-tez keçirilir. Onların arasında fikir ayrılığı yaranarsa, İsveçrə neytral ərazi kimi qəbul edilir, burada problemlərin diplomatik həll yollarını axtarmaq mümkündür. Belə ki, 2021-ci ilin iyununda Cenevrədə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında görüş keçirilib.
Bir çox digər Avropa ölkələri kimi, İsveçrə də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlara başlamasını pisləyib və hətta Aİ-nin sanksiyalarına qoşulub.
Rusiya vətəndaşlarının və şirkətlərinin 8 milyarddan çox dəyərləndirilən aktivlərini dondurub. Belə bir qərardan sonra Rusiya İsveçrəni dost olmayan ölkələr sırasına daxil edib və onu neytrallığa zərbə vurmaqda günahlandırıb. Lakin İsveçrə ilk dəfə deyil ki, hərbi münaqişədə beynəlxalq sanksiyalara qoşulur. Belə ki, 1999-cu ildə Konfederasiya digər Qərb ölkələri ilə birlikdə Yuqoslaviyaya sanksiyalar tətbiq edib, 2011-ci ildə isə Suriya prezidenti Bəşər Əsəd rejiminə qarşı məhdudiyyətlərə qoşulub. Elə həmin il İsveçrə uranın zənginləşdirilməsi proqramının bərpası ilə əlaqədar Qərbin İrana qarşı sanksiyalarına “hə” deyib.
Konfederasiya daxilindəki bir sıra qüvvələr də ölkənin anti-Rusiya sanksiyalarına qoşulmasını pisləyib. Belə ki, parlamentdəki ən böyük partiya olan Mərkəzin Demokratik İttifaqının (UDC) mətbuat katibi Andrea Zomer Rusiyaya qarşı məhdudiyyətlərin İsveçrə konstitusiyasına zidd olduğunu bildirib. Sağçı mühafizəkar İsveçrə Xalq Partiyasının (SNP) strateqi Kristof Bloçer də Qərb ölkələrinin Ukrayna böhranı ilə bağlı mövqeyini dəstəkləmək qərarını tənqid edib: “Sanksiyaların tətbiqi ölkənin neytrallığını və deməli, konstitusiyasını pozur. Konstitusiyada göstərilir ki, İsveçrə neytraldır. Biz sanksiyaların əleyhinəyik”, – deyə Kristof Bloçer vurğulayıb.
Digər Avropa ölkələri ilə yanaşı, İsveçrə də Ukrayna münaqişəsinin mənfi nəticələri ilə üzləşib ki, bu da əhalinin mövqe birliyinə xələl gətirə bilər. Onsuz da dünyanın yaşamaq üçün ən bahalı yerlərindən biri hesab edilən ölkədə yanacağın, ərzaq məhsullarının və kommunal xidmətlərin qiymətləri çox yüksəkdir. Enerji böhranı səbəbindən isveçrəlilərə evlərini 19 dərəcədən yuxarı istilikdə qızdırmaq qadağan edilib. Hətta bu qadağanı pozanları üç ilə qədər həbs cəzası gözləyir. İsveçrənin Elektrik Enerjisi üzrə Federal Komissiyasının (ElCom) prezidenti Verner Luginbühl həmvətənlərini qışa qədər şam və odun yığmağa çağırıb. O əlavə edib ki, hər kəs bir neçə saat ərzində elektrik enerjisinin kəsilməsi halında nə edəcəyini düşünməlidir.
İsveçrə indiyədək Qərb ölkələrinin mövqeyi ilə həmrəylik nümayiş etdirmək və neytrallığı qorumaq balansına əməl edə bilib. Lakin dünya düzənindəki hazırkı dəyişiklik İsveçrəni gələcəkdə təhlükəsizliyi və suverenliyi gücləndirmək üçün tərəflərdən birinə qoşulmağa məcbur edə bilər.
Müşviq Tofiqoğlu,
KONKRET.az