Xəbər verdiyimiz kimi, Ramiz Mehdiyevin “Dövlət Şurası”nda yer alması nəzərdə tutulan müxalifət nümayəndələrindən 2 nəfərin adı bəlli olub. Bunlardan biri Əli Kərimli, digəri Gültəkin Hacıbəylidir. Bu əlaqəni quran şəxsin isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun olduğu deyilir.
KONKRET.az xəbər verir ki, demokrat.az bununla bağlı Əli Həsənovla əlaqə saxlayıb. Əli Həsənov açıqlamasında bildirib ki, bu fakt kiminsə təxəyyülünə söykənən uydurma nağıldır:
“Mən Prezident Administrasiyasında ictimai-siyasi təşkilatlarla, media qurumları və digər qurumlarla əlaqələr şöbəsinə rəhbərlik etmişəm. Hər bir rəsmi dövlət qeydiyyatı olan qurumla da iş aparmaq bilavasitə ictimai-siyasi şöbənin əsas vəzifələrindən biri olub. Lakin belə əlaqəni mən hansısa restoranlarda deyil, rəsmi formada və açıq şəkildə həyata keçirmişəm.
Bəhs etdiyiniz uydurma xəbərə gəldikdə, bəyan edirəm ki, mən adı keçən insanlarla nə bir yerdə, nə də ki, ayrılıqda heç zaman görüş keçirməmişəm”.
Qeyd edək ki, “Dövlət Şurası”nda yer alan müxalifət nümayəndələrinin adlarını “Teleqraf.az” saytı yayımlayıb.
