Əməkdar artistlər Rafael isgəndərov və Coşqun Rəhimov müzakirə yaradacaq açıqlamalar veriblər.
KONKRET.az xəbər verir ki, onlar “Şən gənc” layihəsində uşaqlıqda şiddət görmələri ilə bağlı danışıblar.
R. İsgəndərov deyib: “Uşaq vaxtı valideynlər tərəfindən döyülmüşəm, əllərinə quzu kəsim. Müəllimlər də döyüb, qarşılarında baş əyirəm. Evdə deyirdim ki, müəllim məni vurub. Cavab verirdilər ki, əcəb edib, yəqin, nəsə etmisən ki, vurub.
Dərs oxumayanda “2” yazardılar, döymürdülər. Amma şuluqluq etmişəm, hansısa qızın hörüyünü dartmışam, döyülmüşəm. Kim döyülməyib ki? O vaxtın psixoloqu oxlov idi, kürəyinin ortasından vururdular, gəlib üstündən üzr də istəyirdin. Bəzilərində ata spirtli içki aludəçisi olur, uşağı döyür. Buna, əlbəttə, qarşıyıq. Amma lazımdır”.
C. Rəhimov həmkarının fikirlərinə qarşılıq olaraq bildirib: “Birinci sinifdən döyülmüşəm. Müəllimimin yun çubuğu var idi. Dərsdə səs saldım, əlimin üstündən vurdu, yeri də qaldı. Evdə istədim gizlədim, anam gördü. Getdi müəllimin yanına, dedi ki, vur, amma yeri qalmasın.
Biz şiddətə qarşıyıq, amma tərbiyə metodu var: qulaq çəkmək, şillə vurmaq olmalıdır. Belə böyümüşük, yaxşı da böyümüşük. İndi dəymə uşağa, psixologiyası pozular deyirlər”./olay