Ödəmə terminallarında qaytarılmayan qəpik-quruşlar – Dövriyyədə olan milyonlar kimin cibinə gedir?backend

Ödəmə terminallarında qaytarılmayan qəpik-quruşlar - Dövriyyədə olan milyonlar kimin cibinə gedir?

Bildiyiniz kimi,  son 10 ildə təkcə dünyada yox, eləcə də ölkəmizdə elmi-texniki tərəqqinin nailiyyətləri həyatımızın hər sahəsinə o qədər sirayət edib ki, artıq kütləvi şəkildə bəşər övladı özünü telefonsuz, planşetsiz, notbuksuz və ya internetsiz təsəvvür edə bilmir. Bu sadaladığım texniki vasitələr  gündəlik həyatımızı xeyli asanlaşdırsa da, digər tərəfdən bir çox neqativləri və ziyanlı təsirləri ilə də özünü biruzə verir. Barəsində söhbət açacağım məsələ isə daha da aktualdır və hər bir vətəndaşın cibini maraqlandıran mövzudur. Yəqin ki, son 5 ildə ödəmə terminallarının işimizi nə qədər yüngülləşdirdiyinin fərqindəsiniz. Bu terminallar demək olar ki, kommunal  xidmətlərdən tutmuş sosial və bank-maliyyə xidmətləri göstərir. Əksər metrolarda, marketlərdə, alış-veriş mərkəzlərində, bəzi dayanacaqlarda da bu ödəmə terminallarına rast gəlmək mümkündür. Ən geniş yayılanı isə “E-manat” və “MilliÖn”dür. Görünən isə odur ki, artıq bu şirkətlər də mobil şəbəkə operatorlarından geri qalmamağa qərar verib. Dilsiz-ağızsız aparatlar mədəni şəkildə ciblərdən qəpik-quruşu oğurlamağa başlayıb. Deməli, bir çox maliyyə  əməliyyatları bu terminallar vasitəsi ilə həyata keçirilir. Bu zaman isə terminallar qalıq pulları qaytarmır. Belə ki, hər hansı bir rüsumun ödənişi zamanı ödəniləcək məbləğ, məsələn, 18 man 40 qəpikdirsə və  yaxud 75 man 25 qəpikdirsə, vətəndaş müvafiq olaraq 19 manat və 76 manat ödəyir. Pulun qalığı olaraq qaytarılmalı olan 60 qəpik və 75 qəpiyin taleyi müəmmalı olur və yaxud absurd bir qalıq ödəmə təklif olunur ki, pulunuzun qalığını “E – manat” məntəqəsinə yaxınlaşıb ala bilərsiniz. Yəni vətəndaş 60 qəpik qalığını almaq üçün nəqliyyata azı bir manat xərcləməlidir ki, pulunu geri alsın və beləliklə də, heç kim özünü gic yerinə qoyub, bunun dalınca getmir. Beləliklə, terminal müştərinin cibinə çox asanlıqla yol tapır. Bu, sadəcə bir nəfərin 60-70 qəpiyi deyil, gündəlik 10 minlərlə insanın dövriyyədə olan milyonlarla pulu deməkdir. Vətəndaşları axmaq yerinə qoyaraq oğurlanan bu pulların isə hansı ciblərə getdiyi, kimlərin mənimsədiyi artıq aidiyyatı strukturların araşdıracağı məsələdir.

Elman Şirməmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*