Oktyabr ayı xalq təqvimində – hansı günləri daha əhəmiyyətlidir?backend

Oktyabr ayı xalq təqvimində - hansı günləri daha əhəmiyyətlidir?

Oktyabr ayı ilin ən barlı-bərəkətli dövrlərindən biridir. Belə ki, bu ayda meyvə bağlarından alma, payız armudu, nar toplanılır. El adətinə görə, yığılan nübar (təzə yetişən məhsul. Buna Naxçıvanda “bağbaşı” da deyirlər) məhsuldan xonça tutular, nişanlı qızlara sovqat aparardılar. Sovqat qəbul edən yaşlı qohumlar isə “nübarlara çatasan”, – deyə minnətdarlıq edərdilər. Deyirlər ki, nübar məhsul yeyənin ürəyindən keçən dilək hasil olar.

Xaralda saralan alma

Bu sözləri tədqiqatçı-jurnalist Zaleh Novruzov deyib. O qeyd edib ki, bu ayda yığılan meyvələr saf-çürük edilir, zədəsi olmayanlar xüsusi yerlərə yığılıb qışa saxlanılır. Bir də deyirlər ki, samanın, buğda-arpanın içərisində saxlanılan meyvə uzun müddət xarab olmaz. Bununla bağlı belə bir xalq mahnımız da var:

Almanı atdım xarala,

Qaldı sarala-sarala.

Onun sözlərinə görə, əvvəllər taxılı yığmaq üçün ipdən toxunmuş böyük kisədən – xaraldan istifadə edərdilər. Belə rəvayət olunur ki, nişanlı qız toya tədarük edilən almanı xarala yığar, toyun yubanmasından narahat olaraq bu mahnını oxuyarmış. Əvvəllər toylar, adətən, payız aylarında keçirilərdi. Oktyabr ayında məhsulu toplayıb qurtaran, satılmaq üçün nəzərdə tutulan məhsulu, heyvanları satıb pul toplayan və iş-gücdən azad olan əhali payız toylarına başlayardı. Dahi şairimiz Məhəmmədhüseyn Şəhriyar “Heydərbabaya salam” poemasında payız toylarından yazırdı:

Heydərbaba, kəndin toyun tutanda,

Qız-gəlinlər həna, piltə satanda,

Bəy gəlinə damdan alma atanda

Mənim də o qızlarında gözüm var,

Aşıqların sazlarında sözüm var.

Bu ayda toplanan payız məhsulunun içərisində üzümü unutmaq olmaz. Bağlardan toplanan üzüm də çeşidlənir. Satılacaq üzüm bazara aparılır. Bəzi üzüm sortları qəlyadaş suyuna salınaraq mövüc, kişmiş hazırlanır. Milax üzümləri hənəqırna (hələqırma), ağaldərə (süd ağı) bir neçə gün sərilərək günə verilir. Xarab olan gilələr seçilib təmizlənir, milaxlara, tavanda çəkilən məftilə və ya ipə asılır. Həyətlərdəki cəviz, fındıq, badam ağacları çırpılıb yığılır və havaya verilib qurudulur ki, xarab olmasın.

“Mihrican” bayramı

Xalq təqvimində uzun illər xüsusi yerə malik olan və təmtəraqla qeyd edilən bu bayram barədə danışan Zaleh Novruzov deyib: “Əvvəllər oktyabr ayında məhsul toplandıqdan sonra təmtərağı ilə heç də Novruz bayramından geri qalmayan “Mihrican” bayramı (Məhsul bayramı) keçirilərdi. Bu bayram, demək olar ki, bütün türk xalqlarında təntənəli surətdə qeyd edilib. İnsanlar bu bayramda rəqs edər, onlara məhsul verən Tanrıya şükranlıq edərdilər. “Mihrican” bayramının keçirilmə vaxtı haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, bu bayram Avesta təqvimində yeddinci ay olan mehr ayının 16-cı günü keçirilərdi. Zərdüştlükdə həmin gün “Mehr günü” adlanır və Tanrının Adəm Peyğəmbərə və Həvvaya ruh verdiyi gün hesab edilir”.

Oktyabr ayında insanlar üçün həyati əhəmiyyət kəsb edən taxıl səpini dövrü başlayır. Ta qədimdən taxıl səpini xalq təqvimi və fenoloji müşahidələrə əsaslanaraq müəyyən edilib.

Təcrübəli əkinçilərin yayda sürülmüş yeri səpinqabağı pərşum (ikinci dəfə aparılan çarpaz şum) etdiyini və sonra əkinə başladıqlarını qeyd edən tədqiqatçı-jurnalist bildirib ki, səpini aparan rəncbərlər bu dövrdə taxıla su verməyi vacib hesab edirdilər. Çünki payızda su içməyən taxıl yazda nə qədər su içsə də, məhsuldarlıq aşağı olurdu.

“Qoçboranı”, “eltökən” dövrü və ipi dolaşmış kələf

Zaleh Novruzovun sözlərinə görə, bu dövrdə hələ yaylaqdan enməyən sürülər olardı. Bu vaxt bəzən havalar soyuyar, alçaq dağlıq ərazilərə yağan yağış yaylaqlarda qara çevrilər, küləklə yağdığı üçün buna “qoçboranı” dövrü deyərdilər. Yaylaqdakı soyuq küləklə yağan yağış və qara “eltökən”də deyirlər. Çünki soyuğa dözməyən sürüləri çobanlar arana endirirdilər. Adətən, sürülər üç-dörd mərhələ ilə qışlağa köçürülərdi.

“Bu dövrdə yayda qırxılıb yuyulan yunları əyirməyə və boyamağa başlayırlar. Bu da oktyabr ayında görülən ənənəvi qışa hazırlıqlardan biridir. Çünki qadınlar uzun qış dövründə növbə ilə hana uzadar, bir-birinə kömək edərək xalça, kilim, qarbıd toxuyardılar”, – deyən Zaleh Novruzov qeyd edib ki, nənələrimiz ip rənglərini də elə təbiətdən götürərdilər. Qırmızı rəngi boyaqotundan, sarı rəngi zirinc kötüyündən, südləyəndən (el arasında bu bitkiyə südlü biyan deyirlər), tünd-qəhvəyi rəngi cəviz yarpağından, soğan qabığından alardılar. İpi boyamaq üçün cəhrədə əyirilən “düycə”ləri açıb “kələf” edərdilər. Kələf ipin səkkiz rəqəmi formasında dolanmasıdır. Kələf etmək üçün bardaş qurub oturar, ipi çarpaz şəkildə dizə sarıyardılar. Böyük qablarda rəngi hazırlayar, ocaq üzərində qaynadardılar. Kələfi bir-iki dəfə qaynar rəngə basıb-çıxarar, qurumaq üçün sərərdilər. Bu proses çox tez bir zamanda başa gəldiyi üçün bəzən müəyyən vaxt tələb edən bir işi tələsdirdikdə indi də el arasında “boyaqçı küpü deyil ki”, – deyə cavab verirlər. Boyanmış kələflər qurudulduqdan sonra yuyularaq yenidən qurudulardı. Qurumuş kələflər açılıb yumaq edilərdi. Kələfi açan zaman iki nəfərdən biri kələfi qollarına keçirər, digəri isə açaraq yumaq edərdi.

Çinar yarpağını başdan tökərsə…

Tədqiqatçı-jurnalist Zaleh Novruzov deyib ki, payızın bu dövründə ağacların yarpaqlarının saralmağa başlaması qışın yaxınlaşmasını xəbər verir, insanlara qış hazırlığını tez bir vaxtda yekunlaşdırmağı yada salır. Təbiət hadisələrini müşahidə etməklə ata-babalarımız qışın sərt və mülayim keçəcəyi haqqında da proqnoz veriblər. Məsələn, “ağaclar yarpağını gec tökərsə, qış uzun və sərt keçəcək, çinar yarpağını başdan tökərsə, qış mülayim keçəcəkdir”, – deyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*