Qazaxıstanın Baş naziri Heydər Əliyev Mərkəzində oldu – YENİLƏNDİbackend

Qazaxıstanın Baş naziri Heydər Əliyev Mərkəzində oldu - YENİLƏNDİ

Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Heydər Əliyev Mərkəzində olub.

KONKRET.az xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Baş nazir Oljas Bektenov əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə – 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan Oljas Bektenova bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimizin orijinal şəkildə – səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

“Musiqi alətləri: Birlik və müxtəliflik” sərgisi ilə tanışlıqdan sonra Oljas Bektenov Azərbaycan xalçalarından ibarət “İlmələrin rəqsi” sərgisinə baxış keçirib.

“Klassik avtomobillər sərgisi” ilə də tanış olan Qazaxıstanın Baş naziri Oljas Bektenov daha sonra xatirə kitabına ürək sözlərini yazıb.

Baş nazir Mərkəzdən xoş təəssüratla ayrılıb.

***

Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

KONKRET.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

***

Azərbaycanda səfərdə olan Qazaxıstanın Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib.

KONKRET.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

zf 2 zf 3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*