Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ağır yaralanması və ölümü ilə bağlı şayiələrdən sonra ilk dəfə televiziyada canlı yayıma çıxıb.
KONKRET.az xəbər verir ki, “Rada” telekanalının efirində özünü yaxşı hiss etdiyini deyən Budanov medianın yalan məlumatlar yaydığını bildirib.
“Mən bunu gülüşlə qəbul edirəm. Qoy insanlar da əylənsin. Bunlar tamamlanmamış saxtakarlıqlardır. Onlar Ali Radanın eks-deputatı İlya Kiva kimi dünya şöhrətli ekspertlər vasitəsilə xəbər yaydılar ki, guya mən ölmüşəm”, – deyə Budanov bildirib.
İyunun 15-də RİA Novosti agentliyi Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun mayın 29-da Rusiyanın endirdiyi zərbə zamanı yaralandığı barədə xəbər yayıb. Agentlik raketin Budanovun yanındakı ofisə düşdüyünü iddia edib. Jurnalistlər kəşfiyyat rəhbərinin vəziyyətinin ağır olduğunu bildiriblər. Materialda həmçinin deyilir ki, yaralı Budanov daha sonra helikopterlə Polşanın Rzeszov şəhərindəki hərbi bazaya aparılıb, oradan da Almaniyaya çatdırılıb. Daha sonra media onun öldüyü barədə xəbər yayıb. İyunun 5-də Budanovun ölüm xəbərini Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi təkzib edib.
Burhan,
KONKRET.az