“3 çox ağır əməliyyat keçirdim. Görüntümdə heç bir şey olmamış kimi görünsə də, əslində çox ağır əməliyyat idi. Beynimə 4 yerdən qan sızmışdı. Şükür yaxşıyam, əl-ayağım işləyir”.
KONKRET.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.
Sənətkar bildirib ki, bu, vaxtında müdaxilənin nəticəsidir: “Bir çox xəstələrə vaxtında müdaxilə edilmədikdə ya şikəst qalırlar, ya da ölürlər. Mənə də müdaxilə vaxtında oldu. Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya təşəkkür borcum var. Bu dəstək vaxtında gəldi”.
C. Quliyev həmin ərəfədə ölüm xəbərinin yayılmasına belə münasibət bildirib: “Ölüm xəbərlərimə çox güldüm, əyləndim. Yazıçı Mark Tven yadıma düşdü. Bir gün onun ölüm xəbəri yayılır. Bu xəbəri yayan redaksiyaya zəng edərək bildirir ki, ölüm xəbərimi bir az şişirtmisiz (gülür-red.). Mənim də ölüm xəbərimi bir az şişirtmişdilər. İnanmıram ki, bunu kimsə mənə qarşı pis niyyətlə etsin. Jurnalistlərlə heç vaxt problemim olmayıb. Bu sadəcə texniki yanlışlıq olub. Reytinq xatirinə hadisələri qabaqlamaq istəyiblər. O da bu dəfə tutmadı. Çox adam deyir ki, Allah səni istəyir. Mən burada tək yaşayıram. Ailəm Türkiyədədir. Yaxşı ki bu hadisə baş verəndə ailəmin yanında idim. Bakıda tək olsaydım, mənə heç kim kömək edə bilməzdi. Səhər saat 6-da huşumu itirib yerə yıxıldım. Məni təcili xəstəxanaya, oradan da əməliyyat masasına apardılar”.