“Onlayn qida sifarişi verərkən ilk növbədə diqqət yetirilməli məqam məhsulun etibarlı və mənşəyi bəlli olan mənbədən alınmasıdır. Xüsusilə, bişmiş qidaların harada və hansı şəraitdə hazırlandığı ən vacib şərtlərdən biridir. Çünki bu cür məhsullar çox zaman yüksək risk qrupuna daxil olan ət və digər tez xarab olan ərzaqlardan hazırlanır. Əgər həmin qidaların hazırlanmasında keyfiyyətsiz xammaldan istifadə olunursa, gigiyena qaydalarına əməl edilmirsə, yaxud çatdırılma zamanı temperatur rejimi qorunmursa, bu, qidanın tərkibinin pozulmasına və insan sağlamlığına ciddi zərər verməsinə gətirib çıxara bilər”.
Bu fikiləri qida mütəxəssisi Məhsəti Hüseynova KONKRET.az-a açıqlamasında səsləndirib.
“Eyni zamanda çatdırılmanı həyata keçirən əməkdaşların şəxsi gigiyena qaydalarına riayət etməməsi və ya məhsulların düzgün qablaşdırılmaması da risk faktorudur. Təəssüf ki, bəzi hallarda sifariş zamanı təqdim olunan şəkillərlə real məhsul arasında fərqlər olur və çatdırılma gecikir. Bu kimi hallar məhsulun saxlanma və daşınma şəraitinin qeyri-qənaətbəxş olduğunu göstərə bilər. Əgər qida zəncirinin hər hansı bir halqasında problem yaranarsa, bu, məhsulun keyfiyyətinə və tərkibinə mənfi təsir göstərərək zəhərlənmə hallarına səbəb olur. Güclü immun sisteminə malik şəxslərdə belə, həzm problemləri yaşanır.
Ekspertin sözlərinə görə, menyuda istifadə olunan qida əlavələri və allergen maddələr mütləq şəkildə qeyd olunmalıdır. Xüsusilə, allergiyaya səbəb ola biləcək inqridiyentlər barədə məlumatın verilməsi vacibdir.
“Çatdırılma zamanı baş verən gecikmələr bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır və bu da qidanın keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Odur ki, onlayn qida satışı ilə məşğul olan bütün müəssisələr aidiyyəti qurumlar tərəfindən yoxlanmalı, gigiyena və təhlükəsizlik sertifikatlarına malik olmalıdır.
Çatdırılma prosesi maksimal dərəcədə sürətli və gigiyena qaydalarına uyğun şəkildə həyata keçirilməlidir. İsti məhsullar istilik saxlayan qablarda, soyudulmalı olanlar isə “soyuq zəncir” prinsipi pozulmadan çatdırılmalıdır. İnkişaf etmiş ölkələrdə bu sahədə şəffaf izləmə sistemləri tətbiq olunur. Bu da müştərinin sifariş etdiyi məhsulun yol trayektoriyasını izləməsinə imkan verir və nəticədə məhsul daha etibarlı şəkildə ünvanına çatdırılır.
Hər bir halda, mənşəyi bəlli olmayan restoran və ya kafelərdən sifariş olunan qidaların gündəlik yox, yalnız ara-sıra istifadəsi tövsiyə olunur. Çünki satış məqsədilə hazırlanan bəzi məhsullarda daha cəlbedici görünüş yaratmaq və uzun müddət saxlanmasını təmin etmək üçün müxtəlif kimyəvi qatqılardan istifadə edilir. Bu maddələrin uzunmüddətli istifadəsi isə qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Nəhayət, çatdırılmanı həyata keçirən kuryerlər də mütəmadi olaraq yoxlanmalı, şəxsi gigiyena və sanitariya qaydalarına ciddi şəkildə əməl etməlidirlər”.
Aynurə İsmayıl
KONKRET.az