“Ordumuz haqqında çox ağrılı şeylər deyəcəyəm, bəziləri razılaşmaya bilər, qınayanlar da tapılar, amma mən bütün bunları şəxsən yaşadım və baş verən hər şeyi şəxsən gördüm. Düşünürəm ki, bu barədə danışmağa haqqım var. Orduda xidmət etdiyim müddətdə bölüyümüzün jurnalında 100-ə yaxın əsgərin adı var idi. Amma iki illik xidmət müddətində mən orada 70-dən çox əsgər görmədim”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq David Stepanyan Ermənistan hökumətinin peşəkar ordu yaratmaq niyyəti ilə bağlı məlumatları şərh edərkən bildirib. “Mən xidmət etdiyim hərbi hissənin 30%-i yalnız kağız üzərində xidmət göstərirdi. Yəni bu insanlar evlərində kef çəkənlər idi. Onların adları ezamiyyətlərə gedənlərin siyahısında, xəstəxanalarda müalicə olunanların arasında idi. Onlar orduda xidmət etməyiblər.
Halbuki onlar əsgərin aldığı bütün maddi dəstəyi aldılar və bu, məncə, əslində kifayət qədər böyük pul idi. Bunun nə qədərinin bizə, hərbçilərə çatdığı tamam başqa sualdır. Ermənistan ordusu uzun illər kağız üzərində mövcud olub. O çəkilən 50, 60 və ya 70 minlik rəqəmlər reallığa uyğun gəlməyən rəqəmlər idi. Bizim heç vaxt formalaşan və döyüş tapşırıqlarını yerinə yetirə bilən ordumuz olmayıb. Mən hələ keyfiyyətdən danışmıram.
Düşünürəm ki, həll yollarını tapmaq vaxtıdır və bizim müqaviləli əsgərlərdən ibarət peşəkar ordumuz olmalıdır. Jurnalistlər Seyran Ohanyandan yalnız kasıb ailələrdən olan uşaqların cəbhə xəttində və sərhəd hərbi hissələrində xidmət etməsinin nədən qaynaqlandığını soruşduqda o, cəsarətlə cavab verdi ki, bilmirəm. Yəni bu faktı etiraf etməklə yanaşı, birbaşa cavab verməkdən yayınıb. Mən isə ona görə bilirəm ki, insanlar pul veriblər və bu pullar birbaşa Ermənistanda rüşvətxorluqla məşğul olan müxtəlif orqanlara, həkimlərə, komissarlara, müdafiə nazirliyinin məmurlarına gedib”.
Vəli Həsənov,
KONKRET.az