Özbəkistanın Ali Məclisinin (parlament) Qanunvericilik Palatası Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinin təkmilləşdirilməsi üzrə işi davam etdirmək barədə qərar qəbul edib.
KONKRET.az “CentralAsia”ya istinadən xəbər verir ki, bu barədə palatanın vitse-spikeri, konstitusiya komissiyasının üzvü Əlişir Kadirov bildirib:
“Mən bu qərarı dəstəkləməmişəm, lakin hesab edirəm ki, verilən təkliflərin çoxu əsaslıdır və ciddi şəkildə öyrənilməlidir”.
Parlamentin aşağı palatasının Korrupsiyaya Qarşı Mübarizə və Məhkəmə-Hüquq Məsələləri Komitəsinin sədri Dünyagir Şirinov bildirib ki, Konstitusiyaya 15 yeni maddə və 1 yeni fəsil, o cümlədən 76 maddəyə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, iyunun 20-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev konstitusiya komissiyasının üzvləri ilə görüşündə Konstitusiyaya əlavə və dəyişikliklərin referendum yolu ilə qəbul edilməsini təklif edib.
Referendum haqqında qanuna əsasən, referendumun keçiriləcəyi tarix Ali Məclisin palataları tərəfindən elan edildikdən sonra ən azı ay yarım müddətində keçirilə bilər. Bu tarix hələ açıqlanmayıb.
İqbal Rzayev,
KONKRET.az