Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər. Bu sətirlər “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunundandır.
Bu gün ölkədə yüzlərlə notarius fəaliyyət göstərir ki, bunların da əksəriyyəti özəl sektorun payına düşür. Bütün notariat kontorların fəaliyyəti isə xüsusi qaydada tənzimlənir.
Bunu KONKRET.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev dedi:
“İnkişaf etmiş ölkələrin çoxunda dövlət notariusu deyilən qurum yoxdur. Ümumiyyətlə, xidmət sahələri ölkələrin böyük əksəriyyətində özəldir. Yəni dövlət bu yükü boynuna götürmür.
Vaxtilə sovet dövründə və sonrakı müddətdə dövlət hər şeyə nəzarət edirdisə, sonrakı mərhələlərdə bu sahələr özəlləşdi və sərbəst oldu. Xidmət sahəsində rəqabət artdı və əhalinin təminatı daha da yaxşılaşdı. Ona görə də notarius xidməti də tam olaraq özəl olmalıdır. Ancaq bizdə bu, qarışıqdır. Həm fərdi, həm də dövlət notariusları var. Güman ki, yaxın vaxtlarda hamısı özəl sektora keçəcək.
Onların gəlirlərinin hesablanmasına gəlincə, bu biznes olduğuna görə onlar gəlir vergisi ödəyirlər. Notariusların gəlir vergisi xüsusi bəndlə müəyyən olunur və müxtəlif növ vergiləri ödəyirlər. Notariuslar göstərdiyi xidmətlərə görə bir çox notarius binalarında terminallar qurulur və xidmət alan şəxs notariusa ödəyəcəyi dövlət rüsumunu terminal vasitəsi ilə ödəyir. Dövlət tərəfindən təyin olunan hər hansı rüsumu notariusun artırıb-azaltmağa ixtiyarı yoxdur. Sadəcə burada notarius özünün xidmət haqqını əlavə edir. Burada da hansı xidmətə görə nə qədər xidmət haqqı alacağı da müəyyən olunub. Orada ciddi pozuntuların olması inandırıcı deyil. Çünki dövlət rüsumu və notariusun xidmət haqqı məlumdursa, burada qaranlıq məsələ yoxdur. Və əgər bütün ödəmələr terminal vasitəsi ilə həyata keçirilirsə, ciddi pozuntular mümkün deyil”.
Hüquqşünas ASAN xidmət olan şəhər və rayonlarda fəaliyyət göstərən notarial kontorların işindən də danışdı:
“Hər bir sahədə rəqabət lazımdır. ASAN xidmətin şəhərdə bir və ya iki yerdə olduğunu nəzərə alsaq, əhali yaşadığı məntəqələrə daha yaxın notariuslardan rahat formada faydalana bilir. Əgər vətəndaşın yaşadığı mikrorayonda, məhəllədə notarius varsa, vətəndaş oranı qoyub şəhər mərkəzinə getməyəcək. ASAN xidmətdə işləyən də hansısa notarial kontorundan gələn notariusdur. Bəzən notariat əməliyyatlarına görə notariuslar evlərə getməlidirlər. Ancaq ASAN xidmətdə bu cür xidmətlər olmadığından vətəndaşlar bu xidmət üçün notarial kontorlarına müraciət edirlər. Deməli, bu xidmət əhaliyə daha yaxındır və əhali üçün daha əlçatandır”.
Vəli Həsənov,
KONKRET.az