Bir çox ailələrdə valideyn-övlad münasibətlərində müəyyən problemlər yaşanır. Valideynlərin işə daha çox vaxt ayırması, daha az təmas, minimum ünsiyyət müasir ailələrin başlıca çatışmazlığına çevrilib. Bu isə ailələrdə valideynlərlə uşaqlar arasında mütəmadi mübahisə və gərginliklərə səbəb olur.
Müasir ailələrin əsas probleminə çevrilmiş bu kimi halların aradan qaldırılması üçün nə edilməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Zeynəb Əyyubova bu mövzuda valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib:
“Bəzi valideyn övladlarının ən kiçik yanlışına belə emosional formada reaksiya verir, onu haqsız tənqidə məruz qoyur, hətta uşağın şəxsiyyətini aşağılayan ifadələrə yol verir. Belə münasibət isə uşağı ailəsindən daha da uzaqlaşdırır, münasibətlərin getdikcə soyumasına səbəb olur. Ona görə də valdeynlər üsluba, sözü demək tərzinə diqqət etməli, qadağaları tədricən və izah etdikdən sonra tətbiq etməlidir”.
Psixoloqun sözlərinə görə, Azərbaycan valideynin ən ağır problemi azyaşlı övladından yüksək potensial gözləməsidir:
“Biz də uşaq olmuşuq. Uşaq vaxtı biz də valideynlərimizin hər dediyini qüsursuz yerinə yetirmirdik. Amma indi öz uşaqlarımızdan ideal olmalarını gözləyirik. Bu gün Azərbaycan valideynin ən böyük qüsuru 10 yaşlı uşaqdan 20 yaşlı gəncin potensialını gözləməsidir. Məsələn, uşağa dayanmadan “dərs oxu” deyirik. Bəs özümüz ayda 1 kitab oxuyuruqmu? Uşağa dayanmadan “zərərli qidalardan uzaq dur” deyirik. Kök valideynlər var, arıqlaya bilirlərmi? Niyə məhz öz iradəmizlə məşğul olmadan, uşağa təzyiq göstəririk?”.
Aygün Mirakif,
KONKRET.az