“Dondurma yay aylarında ən çox istifadə olunan məhsullardan biridir. Süd məhsuludur deyə, xarab olmağa daha meyillidir. Eyni zamanda, düzgün şəkildə hazırlanmadıqda, insan orqanizmində müxtəlif xəstəliklərə, xüsusilə mədə-bağırsaq və həzm sistemi pozuntularına səbəb ola bilər”.
Bu fikirləri Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova KONKRET.az-a açıqlamasında bildirib:
“Bəzi hallarda çəki və ya qramla satılan, açıq havada, günəş altında saxlanılan dondurmalar olur ki, məhz bu cür məhsullar risk qrupuna daxildir. Bu məhsulların konkret forması və üzərində etiket məlumatları olmadığı üçün onların təzəliyini və ya donunun açılıb-açılmadığını müəyyən etmək çətindir.
Bəzən bu cür dondurmalarda dadlandırıcı kimi mürəbbə, cem və souslardan istifadə edilir. Bu isə məhsulun daha da tez xarab olmasına gətirib çıxara bilər. Belə hallarda qarışıq tərkibli dondurmaların saxlanma müddəti, fasiləsiz şəkildə dondurulmaq şərti ilə maksimum 2-3 gün olmalıdır”.
Ekspert qeyd edib ki, insanlar bəzən buna diqqət yetirmir, satıcının sözlərinə inanaraq dondurmanın təzə olub-olmadığını soruşur və kifayətlənirlər.
“Gün ərzində müxtəlif məhsullarla qidalanan insan sonradan yaranan narahatlıqların konkret nədən qaynaqlandığını müəyyən edə bilmir. Mənşəyi məlum olmayan, qeyri-rəsmi satış məntəqələrindən dondurma almaq tövsiyə edilmir.
Dondurma əsasən süd, qaymaq və kərə yağı kimi məhsullardan hazırlanır və bu komponentlər olduqca dəyərlidir. Keyfiyyətli dondurma müəyyən qiymətə başa gəlməlidir. Çox ucuz qiymətə satılan dondurmalar isə adətən süd, qaymaq və ya kərə yağı əvəzinə dadlandırıcı və kimyəvi qatqılardan hazırlanır. Bu cür dondurmalar həm artıq kaloridir, həm də kimyəvi maddələrlə zəngin olduğu üçün qaraciyərdə və böyrəklərdə toksinlərin yığılmasına, nəticədə isə böyrək çatışmazlığına səbəb ola bilər.
Əgər paketlənmiş dondurma alırsınızsa, mütləq şəkildə aşağıdakı məqamlara diqqət yetirin:
-İstehsalçı şirkətə dair məlumatlar (ünvan, əlaqə nömrəsi və s.) tam şəkildə qeyd olunmalıdır.
-Tərkibindəki məhsullar açıq şəkildə göstərilməlidir.
-Süd, qaymaq və kərə yağı tərkibin ən azı 70 faizini təşkil etməlidir.
-Qalan 30 faiz isə yalnız köməkçi maddələrdən ibarət olmalıdır.
-Paket üzərindəki markalanma pozulmamış olmalıdır”.
M.Hüseynova sonda əlavə edir ki, dondurmanı yeyərkən ağızda acı dad hiss olunursa, bu, onun keyfiyyətsizliyini göstərir.
“Gün ərzində 150-200 qramdan artıq dondurma qəbul olunmamalıdır. Yeməkdən dərhal sonra deyil, yemək arası vaxtlarında dondurma yemək daha məsləhətlidir. Dondurmadan əvvəl və ya sonra isti çay və ya digər isti qidaların qəbulu isə diş və damaqlarda zədələnməyə səbəb olur. Bu məqamlara da diqqət yetirmək vacibdir”.
Aynurə İsmayıl
KONKRET.az