Xəbər verdiyimiz kimi, Pakistanın cənub-qərbində yerləşən Quetta şəhərində dəmir yolu stansiyasında bomba partlayışı baş verib. Hadisə nəticəsində ən azı 13 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Yerli media və polisin verdiyi məlumata görə, partlayış ekspress qatarın Peşavara yola düşmək üzrə olduğu anda baş verib.
Xatırladaq ki, son vaxtlar Pakistanda tez-tez terror aktları törədilir. Terror aktları xüsusən ölkənin cənub, cənub-qərb bölgəsində müşahidə olunur.
Siyasi analitiklər Pakistanda baş verən terror aktlarını, xüsusən də Quettadakı dəmir yolu stansiyasındakı partlayışı ölkədəki müxtəlif radikal qrupların törətdiyi hücumlar olaraq qiymətləndirilir. Bu terror aktlarının arxasında əsasən “Təhrik-e-Taliban Pakistan” (TTP) və “Bəlucistan Azadlıq Ordusu” (BLA) kimi radikal qrupların dayandığı deyilir.
TTP Pakistan hökumətinin və təhlükəsizlik qüvvələrinin fəaliyyətlərinə qarşı çıxan, həmçinin Pakistanın təkrarlanmış terrorla mübarizə əməliyyatlarını hədəf alan bir qruplaşdırmadır. Onlar əksər hallarda, Pakistanın cənub-qərb bölgələrində, xüsusilə də Bəlucistan bölgələrində terror hücumları təşkil edirlər. Əfqanıstanla sərhəd bölgəsində fəaliyyət göstərən TTP Pakistanın daxili siyasi və sosial sabitliyini pozmağa çalışır.
BLA isə Bəlucistan bölgəsində müstəqillik və ya daha çox muxtariyyət tələb edən bir qrupdur və bu məqsədlə terror hücumları həyata keçirir. Onlar xüsusən də dövlətin hərbi və inzibati obyektlərinə hücumlar təşkil edirlər.
Siyasi analitiklərə görə bu terror aktlarının əsas məqsədi Pakistan hökumətini zəiflətmək, ölkə daxilində qeyri-sabitlik yaratmaq və həmçinin, hər iki qrupun öz ideoloji və siyasi məqsədlərinə çatmaqdır.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb. O bildirib ki, Pakistan illərdir ki, terror aktrlarına məruz qalır və bu, onun yerləşdiyi regionun əhəmiyyətindən irəli gəlir:
“Ölkədə radikal İslam daha çox şiddətlənir və xüsusilə də Əfqanıstanda taliblərin fəaliyyəti, həmçinin Əfqanıstanda olan fərqli qruplar Pakistanda terror aktlarının baş verməsinə səbəb olur.
Bir müddət idi ki, bu ölkədə terror səngimişdi. Lakin son zamanlar, xüsusən də ölkənin cənub hissəsində tez-tez terror aktları həyata keçirilir. Dəmir yol stansiyasında baş verən terror aktı ölkənin cənub-qərb hissəsinə düşüb. Bir neçə gün əvvəl də Cənubi Vəziristan ərazisində dəhşətli terror aktı həyata keçirilmişdi.
Burada əsas məsələ terror aktlarının kimlər tərəfindən təşkil edilməsi ilə bağlıdır. Təbii ki, bunun sifarişçiləri var və bunlar Pakistan hökumətinə təsir etmək istəyən qüvvələrdir. Məlum olduğu kimi hazırda Pakistanda bir koalisiya hökuməti formalaşdırılıb və daha çox qərblə arasında məsafə qoymağa çalışan Müsəlman Liqası hakimiyyətdədir. Şərif qardaşları hökumətə rəhbərlik edir və eyni zamanda Pakistan Xalq Partiyası da hökumətin, yəni bu dövlətin idarə olunması prosesində iştirak edir. Pakistanın hazırki prezidenti Asif Əli Zərdari Pakistan Xalq Partiyasının lideridir. Yəni, siyasi qüvvələr arasında ölkədə birlik əldə olunub, görünür ki, bu da xarici dairələri narahat edir. Onlar bu barədə fərqli qruplara təlimatlar verərək, terror aktlarının həyata keçirilməsini sifariş edirlər.
Heç bir halda bu cür terror aktları hansısa bir ideologiyaya xidmət edə bilməz. Əgər söhbət İslamdan gedirsə, bu din mülki insanların öldürülməsini qadağan edən humanist bir dindir. Yəni, bu cür terror aktları heç vaxt onunla izah oluna bilməz. Bu, sadəcə Pakistan hökumətinə təsir etmək istəyən xarici dairələrin sifarişidir və uzun illərdir ki, bir çox dairələr, əsasən də Qərb dairələri Pakistanı öz əllərində oyuncağa çevirmək istəyirlər. Buna görə də ölkədə tez-tez hərbi çevrilişlər, terror aktları baş verir və nəticə etibarı ilə də Pakistan xalqı həmin o qüvvələrə qarşı inadlı şəkildə müqavimət göstərir”.//Müsavat