Yeni silahlı eskalasiya ərəfəsində Zaqafqaziyada vəziyyət gərginləşir. Rusiya isə bunun qarşısını almağa çalışır. Danışıqların Moskva formatına qayıtmasına və sülh müqaviləsinin imzalanmasına doğru addımlar atılır. Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin İrəvan sammitində Ermənistana yardımla bağlı yekun bəyannaməni və qətnamə layihəsini imzalamaqdan boyun qaçırmasından dərhal sonra İlham Əliyev iki mühüm addım atdı və vacib tədbirdə iştirak etdi.
Birinci addım
“Hikmət Hacıyev mənə bildirdi ki, Aİ Şurasının prezidenti Şarl Mişelin ofisi onunla əlaqə saxlayıb və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşə yalnız Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə razılıq verdiyini deyib. Bu o deməkdir ki, görüş (dekabrın 7-də Brüsseldə planlaşdırılıb) baş tutmayacaq”.
İkinci addım
“Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransında çıxış edən Əliyev bildirib ki, rəsmi Bakı “Ermənistan-Türkiyə, eləcə də Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin paralel getməsinin” tərəfdarıdır. Onun sözlərinə görə, “İrəvan Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini deyir, biz isə bunu dəstəklədiyimizi bildiririk”.
Baş verənlərin fonunda Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. İki lider arasında əvvəlki telefon danışığı isə noyabrın 22-də, yəni KTMT-nin İrəvan sammiti ərəfəsində olub. Rəsmi məlumatlara görə, “tərəflər oktyabrın 31-də Soçidə əldə olunan razılaşmaların praktiki icrasını nəzərdən keçiriblər” və “Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olnması üçün üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyini” vurğulayıblar.
Atılan bu addımlarla baş verən hadisələr arasında birbaşa əlaqəni görmək elə də çətin deyil. Məsələ burasındadır ki, Əliyevlə Paşinyan arasında Brüssel görüşünün keçirilməsi ilə bağlı razılıq avqustun 31-də Praqada əldə olunub. Bakı ilə İrəvan arasında danışıqlar prosesini Brüsseldə sürətləndirdiyi deyilən Fransa prezidenti Emmanuel Makron da oradakı görüşə xaricdən qatılıb. Məntiqi cəhətdən yanaşsaq Belçikada keçiriləcək sammitə Mişel sədrlik etməli idi. Lakin erməni tərəfi iddia edir ki, görüşün Makronun iştirakı ilə dördtərəfli formatda keçirilməsi nəzərdə tutulurdu. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bunu “məntiqi addım” adlandırır, lakin əlavə heç bir rəsmi açıqlama vermir.
Əvvəllər Aİ vasitəçiliyindən imtina etməyən Bakı isə “formatın Makronun hesabına genişləndirilməsinin qəbuledilməz olduğunu” bildirib. Bundan başqa, Azərbaycanla diplomatik kanallarla təmas quran Ermənistan Fransa prezidentinin sistem səviyyəsində danışıqlara cəlb edilməsi imkanları barədə öncədən məsləhətləşə bilərdi. Lakin bu, baş verməyib. Beləliklə, Paşinyan Əliyevi birbaşa Makronla qarşıdurmaya gətirməklə yanaşı həm də Brüssel danışıqlar platformasını “baltaladı”, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün orada əldə edilən razılaşmaları potensial olaraq ləğv etdi. Görünən odur ki, problem Fransanın ermənipərəst mövqeyinin səthi elementlərindən qat-qat dərinə gömülüb.
“Praqa görüşündən bir həftə keçməmiş Fransa prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid edib. Eləcə də bizi etmədiyimiz bir işdə günahlandırıb”, – Əliyev bildirib. Xatırladaq ki, “France 2” telekanalında Makron Qarabağı “mübahisəli” və “beynəlxalq səviyyədə tanınmayan” region adlandırıb və Azərbaycanı “çoxlu insanın həlak olduğu dəhşətli müharibəyə başlamaqda və bu ərazini zəbt etməkdə” günahlandırıb. Görünür, Paris həqiqətən də İrəvanla Bakı arasında vasitəçilik etmək niyyətində deyildi. Əliyev isə cavabında bildirib ki, “danışıqlar prosesi başqa paytaxtlarda, məsələn, Vaşinqton və ya Moskvada davam edə bilər.
Moskvada Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı problemlərlə şəxsən Putin məşğul olur. Vaşinqtona gəlincə, çətin ki, prezident Co Bayden özünün də bu prosesdə iştirakını istəsin. Doğrudur, yüksək rütbəli amerikalı emissarlar regiona tez-tez səfərə gələrək özlərini beynəlxalq vasitəçi kimi təqdim edirlər. Üstəlik Rusiyanı Ukrayna müharibəsi səbəbindən regionda vəziyyəti idarə etməməkdə günahlandırırlar.
Paşinyan və Blinken İrəvanla Bakı arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Lakin ABŞ üçün Bakı və İrəvan arasındakı münasibətlərin həlli prioritet deyil. Ümumilikdə isə Ermənistanın mövqeyinin öz izahı var. İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan indi diplomatiya yolu ilə nəyisə geri qazanmağa çalışır.
Digər tərəfdən bölgədə geosiyasi boşluq yaranarsa, Türkiyə çətin ki, onu doldura bilsin. Çünki Ankara hələ buna hazır deyil. Odur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Paşinyanla müstəqil dialoq qurmaq imkanı vermək və sonra İrəvana yeni mövqelərdən təzyiq göstərmək mümkündür. Yerli ekspertlərin fikrincə, “bölgənin ən güclü ordusuna, Türkiyənin dəstəyinə, güclü iqtisadi, enerji və tranzit imkanlarına” malik Azərbaycan bu variantı nəzərdən keçirməlidir. Nəhayət, Vaşinqtonun regionda kimləri əsas tərəfdaşı və müttəfiqi hesab edir sualına kim cavab verəcək – Bakı, yoxsa İrəvan? Bu, çox önəmlidir.
Hazırda Zaqafqaziyada vəziyyət yeni silahlı eskalasiya ərəfəsindədir ki, Rusiya növbəti dəfə bunun qarşısını almağa çalışır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Moskva nəinki hazırdır, həm də iki dövlətə vəziyyətin həllinə və sülh müqaviləsinin imzalanmasına kömək etmək üçün daim çalışır” deyə Peskov fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az