“Paşinyan Əliyevlə görüş üçün tələsir” – Görüşün gündəliyi Bakı tərəfindən müəyyən ediləcəkbackend

“Paşinyan Əliyevlə görüş üçün tələsir” - Görüşün gündəliyi Bakı tərəfindən müəyyən ediləcək

Ermənistan cəmiyyətinin bəzi revanşist təbəqələrinin müqavimətinə baxmayaraq, Paşiyan hakimiyyəti rəsmi Bakı ilə birbaşa təmaslara can atır. Çünki, rəsmi İrəvanın Türkiyə ilə anlaşaraq, Ermənistanı xilas etmək cəhdləri uğur qazanmadı. Rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının birmənalı şəkildə Azərbaycandan asılı olduğunu açıq mətnlə bəyan etdi. Və Paşinyan hakimiyyəti həm Türkiyə, həm də Azərbaycan ilə münasibətlərin normallaşdırılmasının paralel proseslər olduğunu qəbul etmək məcburiyyətində qaldı.

Ona görə də, indi Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi rəsmi İrəvanın əsas gündəm mövzudur. Ermənistan baş naziri N.Paşinyan bu görüşə hazır olduğunu artıq rəsmən elan edib. Hətta bu görüş üçün heç problemin olmadığını da vurğulayıb: “Mənim üçün Azərbaycan Prezidenti ilə görüşmək baxımından, vaxt və yer problemi yoxdur. Sadəcə, hansı ölkədə keçirilə biləcəyinin müəyyən olunması lazımdır”.

Göründüyü kimi, erməni baş nazir Azərbaycan və Ermənistan arasında yüksəksəviyyəli görüş üçün tələsir, bunun mümkün qədər tez bir zamanda reallaşmasını istəyir. Çünki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demorkasiya prosesinin sürətlənməsi məhz bu görüşün nəticələrindən asılıdır. Bu məsələ ətrafında müsbət nəticələr isə öz növbəsində məhz Ermənistan iqtisadiyyatına yeni “nəfəs” verəcək nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesinin başladılmasına imkan yarada bilər.

Ancaq Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında yüksəksəviyyəli görüşün, buna hazırlıq aparılmadan baş tutması da mümkün deyil. Yəni, əvvəlcə iki ölkənin xarici işlər nazirlərinin görüşməsi vacibdir. Çünki xarici işlər nazirlərinin yüksəksəviyyəli görüşdə müzakirə ediləcək məsələləri müəyyən etmələrinə ehtiyac var.

Nəzərə almaq lazımdır ki, rəsmi İrəvanın hələ də üzərində dayanmağa cəhd göstərdiyi bəzi mövzular Azərbaycan tərəfi üçün artıq öz əhəmiyyətini itirib. Rəsmi Bakı “Dağlıq Qarabağ münaqişəsi”nin artıq həll edildiyini və “status” mövzusunun da keçmişdə qaldığını birmənalı şəkildə bəyan edib. 30 il gündəmdə olmuş bu mövzuların müzakirəsinə əlavə vaxt itirmək niyyətində olmadığını vurğulayıb.

Bu isə o deməkdir ki, Əliyev-Paşinyan görüşünün gündəliyi məhz rəsmi Bakı tərəfindən müəyyən ediləcək. Rəsmi İrəvanın isə həmin gündəlikdən imtina etmək şansı yoxdur. Çünki bu halda, nəqliyyat-kommunikasiya xətlərinin açılması yenə də gecikəcək və bundan da yalnız çökməkdə olan Ermənistan iqtisadiyyatı zərbə alacaq.

Ona görə də ehtimal etmək olar ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə rəsmi Bakı sərhədlərin delimitasiya və demarkasiya olunmasını, iki ölkənin ərazi bütöblüyünün qarşılıqlı tanınmasını, bu problemin həllindən sonrasa, bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasını, iqtisadi-ticari əlaqələrin qurulmasını, eləcə də, investisiya yatırılması ilə bağlı mövzuları gündəmə gətirə bilər. Eyni zamanda, görüşün gündəliyində “3+3” formatında əməkdaşlıq və Zəngəzur dəhlizinin açılmasının ön planda olacağı da qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, rəsmi İrəvan Rusiyanın da dəstəklədiyi “3+3” formatına bir qədər ehtiyatla yanaşır. Baş nazir N.Paşinyan bu formata qarşı olmasa da, onun detalları barədə tam məlumat aldıqdan sonra mövqeyini açıqlayacağını bildirib. Və bu baxımdan, həmin məsələnin də əsas müzakirə mövzularından biri olacağı qətiyyən istisna deyil.

Bütün bunları nəzərə aldıqda, hazırda Əliyev-Paşinyan görüşü ilə bağlı hazırlıq prosesinin başlandığı açıq-aşkar müşahidə edilir. Əslində, rəsmi Bakı özünü maraqlandıran gündəliyi artıq hissə-hissə açıqlayıb. Rəsmi İrəvan hələlik bu gündəliyə qarşı ciddi etiraz etmədiyindən müzakirə olunacaq mövzular da demək olar ki, aydındır.

Ona görə də hesab etmək olar ki, Əliyev-Paşinyan görüşünün gündəliyi birmənalı şəkildə rəsmi Bakı tərəfindən müəyyən olunacaq. Böyük ehtimalla xarici işlər nazirlərinin görüşündə yuxarıda sadalanan mövzular Ermənistan tərəfinin diqqətinə çatdırılacaq. Paşinyan hakimiyyəti rəsmi Bakının təklif etdiyi gündəliklə razılaşacağı təqdirdə, yüksəksəviyyəli görüş baş tutacaq. Əks halda, Ermənistan blokada şəraitində qalmaqda davam edəcək.

Elçin Xalidbəyli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*