Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də İstanbulda səfərdə olarkən şəhərdəki erməni icmasının nümayəndələri ilə görüş keçirib.
KONKRET.az xəbər verir ki, “Akos” qəzetinin məlumatına görə, Paşinyan 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistana rəsmi səfərə dəvət etməyi planlaşdırdığını bildirib.
Baş nazir həmçinin qeyd edib ki, bu səfərin Ermənistan-Türkiyə münasibətlərinə yeni dinamika verəcəyinə ümid edir. Onun sözlərinə görə, bu təşəbbüs hər iki ölkənin maraqlarına cavab verir və dövlətlərarası əlaqələrin möhkəmlənməsi məqsədi daşıyır.
Görüşdən öncə Nikol Paşinyan İstanbulda yerləşən Müqəddəs Məryəm Ana kilsəsini də ziyarət edərək orada şam yandırıb.
Qeyd edək ki, Paşinyanın İstanbulda işgüzar səfəri davam edir. Axşam saatlarında onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Natiq Səlim,
KONKRET.az