“Hakimiyyət Qarabağla bağlı bizim bütün təşəbbüslərimizi, o cümlədən Şuşa bəyannaməsini torpeda etdi. İnanıram ki, bu dəfə də yeni təşəbbüs təqdim edəndə eyni şey olacaq.
KONKRET.az xəbər verir ki, bu fikiri “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan səsləndirib.
“Təklif olunan təşəbbüsə əsasən, biz yenidən qırmızı xətlərimizi düzəldəcəyik, “Artsax” xalqının öz müqəddəratını təyinetmə hüququnun məhdudiyyətsiz həyata keçirilməsi ifadələrindən istifadə edəcəyik” – deyə Tavenyan bildirib.
Onun sözlərinə görə, bütün bunlar Ermənistan hakimiyyəti üçün onların siyasətinə və təbliğatına nəzərən qəbuledilməzdir.
“Lakin biz Azərbaycan tərəfinin açıqlamalarını cavabsız qoya bilmərik. Zəngəzur dəhlizi ifadələrinə, Qarabağ probleminin mahiyyətinin təhrif olunmasına cavab verməsək, bu, düşməni daha da təhrik edəcək”, – deyə erməni deputat məntiqsiz açıqlamasını davam etdirib..
O izah edib ki, təklif olunan bəyanatda beynəlxalq ictimaiyyətə ünvanlanan siqnallar, eləcə də erməni hərbi əsirlərin qaytarılması probleminin həllinə çağırış var.
“Müxalifətin təşəbbüsü ümummilli xarakter daşıyır və daxili siyasi vəziyyətdən üstündür. Biz parlament səviyyəsində bəyan etməliyik ki, Azərbaycanın Ermənistanı “təhdid edən” yanaşmalarını qəbul etmirik. Bəyanat qəbul olunmasa, dünya ictimaiyyəti görəcək ki, Ermənistanda hakimiyyətin yanaşmasından fərqli fikir var. Uğursuzluğuna haqq qazandırmaq üçün Paşinyan inandırmağa çalışır ki, “Artsax” uzun müddətdir Azərbaycanın bir hissəsi kimi tanınır. Üstəlik, o, Ermənistanın Müstəqillik Bəyannaməsi əleyhinə kampaniya aparır və erməni soyqırımı və “Artsax” haqqında bir kəlmə də olmayan yeni bəyannamənin qəbul edilməsinin tərəfdarıdır”, – deyə Tavenyan fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az