Ermənistanın baş naziri Nikol Paşinyan bu gün 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında çıxış edib.
KONKRET.az xəbər verir ki, o, 2020-ci il noyabrın 9-da müharibənin niyə dayandırıldığını açıqlayıb.
N.Paşinyanın sözlərinə görə, Şuşanın süqutu bu məsələdə dönüş nöqtəsi olub.
“Şuşadan daima narahatedici xəbərlər gəlirdi. Məlumatlar gəlməyə başladı ki, birinci düşmən dəstəsi Şuşaya daxil olub, sonra ikinci və s. Nəhayət, noyabrın 7-də günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan Şuşanın süqutu barədə mənə məruzə etdi. Bu mənim üçün ağır xəbər oldu. Dedim ki, Şuşanı qaytarmaq lazımdır və bunun həyata keçiriləcəyinə dair təminat almışam. Tezliklə mənə əks-hücum barədə məlumat verdilər, sonra bəzi uğurlardan danışdılar, sonra əməliyyatın yaxşı getdiyini dedilər, sonra Ermənistan silahlı qüvvələrinin Şuşaya daxil olduğunu bildirdilər. Üçtərəfli bəyanat imzalanmamışdan əvvəl mənə məlumat verildi ki, Şuşanın bir hissəsi Müdafiə Ordusunun nəzarəti altındadır. Sonra üçtərəfli bəyanat imzalandı. İşə qayıdanda isə mənə bildirdilər ki, Şuşa da bir dənə də olsun əsgərimiz yoxdur”.
Rəsmiyyə Şərifova,
KONKRET.az