Ermənistanın tanınmış müxalifət liderlərindən biir olan Armen Aşotyanın həbsi ölkədə şok effekti yaradıb.
KONKRET.az xəbər verir ki, erməni siyasi şərhçiləri verdikləri analizlərdə belə bir hadisənin ölkə üçün başucalığı gətirməyəcəyi qənaətində olduqlarını vurğulayıblar.
Jurnalistlərlə söhbətində politoloq Qrant Melik-Şahnazaryan da öz növbəsində qeyd edib ki, A.Aşotyanın saxlanması hazırkı hakimiyyətin həyata keçirdiyi proqramın tərkib hissəsidir.
“Hakimiyyət bununla rəhbərliyə necə gəldikləri proqramı ardıcıl olaraq həyata keçirir. Bu proqramın həyata keçirilməsi, birincisi, Türkiyə-Azərbaycan tandeminə güzəştləri, ikincisi, Ermənistan daxilində müqavimətin neytrallaşdırılmasını nəzərdə tutur”, – deyən politoloq Armen Aşotyanın hər zaman Ermənistanın maraqlarından danışan siyasətçi olduğunu vurğulayıb. O vurğulayıb ki, bütün bunlar hakimiyyətin maraqlarına cavab vermir.
“Armen Aşotyan xarici siyasətdə baş verən prosesləri hər zaman ilk şərh edən siyasətçidir, deyə bilərik ki, o, həm də müxalifət düşərgəsinin, cəmiyyətin vətənpərvər hissəsinin hansı istiqamətə yönəldiyini, hansı tezislərin irəli sürülməli olduğunu göstərib. Ermənistanın maraqları və real təhlükələrin haradan gəldiyi qorunmalıdır.
Paşinyan belə bir insanı azadlıqdan məhrum etməklə, əslində, siyasi rəqiblərinin təmsil olunduğu müqavimət mərkəzlərinin növbəti imkanlarını da əlindən almağa çalışır. Bu, düşünülmüş siyasətdir”, – Qrant Melik-Şahnazaryan vurğulayıb.
“Nikol Paşinyan Qərb, Türkiyə-Azərbaycan himayədarları tərəfindən dəstəklənir, ona görə də o, bu yolla gedəcək. Baxın, nə baş verir? Paşinyan deyir ki, “Bizim səhvimiz odur ki, orduya güvəndik”. Və bu açıqlama məhz sərhəddə vəziyyətin gərgin olduğu, düşmənin bu gün Ermənistan ərazisinə soxulduğu bir vaxtda verilir. Ona görə də iki gün əvvəl Ərdoğanın tərifləri ilə şərəflənir”, – deyə politoloq bildirib.
O qeyd edib ki, “Hakimiyyət son səylərini göstərir, mübarizə aparanların əzmini qırmaq üçün artıq bütün resursları tükənir.
Biz bu mərhələni keçməliyik, bundan sonra əminəm ki, qələbələrlə yanaşı, ölkəni bərpa etmək üçün də ciddi resursumuz olacaq”.
Sevinc Paşayeva,
KONKRET.az