“Paşinyan hələ 2022-ci il oktyabrın 6-da Praqada “Artsax”ı şəxsən Azərbaycana təslim etdi”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Benyamin Matevosyan Telegram kanalında yazıb.
“Paşinyan şəxsən Rusiyaya müharibə elan etdi və onun bu gün “Rusiya Federasiyası artıq Qarabağ ermənilərinin təhlükəsizliyinə görə bütün məsuliyyəti öz üzərinə götürür” bəyanatı, eləcə də dünən Rusiya səfirliyi qarşısında keçirilən aksiya, ölkədəki rus mediasının bağlanması və rus bazasının çıxarılmasına birbaşa sübutdur”, – deyə Matevosyan vurğulayıb.
O daha sonra bildirib:
“Şəxsən Paşinyan Qərb danışıqlar platformasında Azərbaycanla “sülh müqaviləsi” imzalamağa hazırdır ki, bu da Ermənistanın özü üçün həm ərazi itkilərinə səbəb olacaq, həm də Rusiya Federasiyasının regiondan tamamilə çıxarılmasına şərait yaradacaq.
Paşinyanın missiyası hələ tamamlanmayıb – 102-ci baza hələ də yerindədir, Rusiya sərhədçiləri yerindədir, Metsamor AES hələ də işləyir, Ermənistan hələ də KTMT-nin üzvüdür, Ermənistan-İran sərhədi hələ də mövcuddur və Azərbaycanla Türkiyənin ümumi quru sərhədi hələ də mövcud deyil. Məhz missiya tamamlanmadığı üçün o, dişləri ilə kreslosundan yapışacaq.
Əgər mübarizə səylərimiz çox yaxın gələcəkdə nəticə verməsə, o zaman Ermənistanda yaşamaq fiziki cəhətdən təhlükəli olacaq, başqa söz deyənlərə inanmayın”.
Natiq Səlim,
KONKRET.az