Paşinyandan İLGİNC AÇIQLAMA: ”Müharibənin başlamaması üçün erməni baxışından imtina etməliydik”backend

Paşinyandan İLGİNC AÇIQLAMA: ”Müharibənin başlamaması üçün erməni baxışından imtina etməliydik”

Ermənistan parlamentində 44 günlük müharibəylə bağlı dinləmələr davam edir. Ötən həftə istintaq komissiyasının suallarını cavablandıran Baş nazir Nikol Paşinyan bu gün də parlamentə gəlib. Üç il əvvəl baş verənlərlə bağlı danışan Paşinyan bildirib ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra “hər şey ordu üçün” siyasətinə sadiq qalıb və hakimiyyəti dövründə hərbi texnika və xeyli silah alınıb:

”2020-ci ilin avqustunda mənə bildirdilər ki, ordu qarşıya qoyulan vəzifəni yerinə yetirmək gücündədir”.

Deputatların: ”Müharibənin başlamasına mane olmaq mümkün idimi? sualına Paşinyanın cavabı belə olub:

“Mən demirəm müharibədən qaçmaq üçün nəzəri imkan yox idi. Amma bu nəzəri imkan üçün Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı erməni baxışından imtina etmək lazım idi”.

Daha sonra erməni deputatlardan biri Sədərək yaxınlığında Robert Köçəryanla Heydər Əliyev arasında keçirilən görüşlə bağlı sual verib. İndiyədək erməni cəmiyyətinə həmin görüşdə müzakirə edilən məsələnin qaranlıq qaldığını xatırladan deputat Paşinyandan bu haqda məlumatlı olub-olmadığını soruşub.

Baş nazir qeyd edib ki, Vardan Oskanyan 2000-ci il aprelin 25-də Qlendeyl şəhərinin erməni icması ilə görüşü zamanı bildirib ki, “Laçın Ermənistana, Meğri isə Azərbaycana verilir”.

Paşinyan xatırladıb ki, Köçəryanın Azərbaycan prezidenti ilə görüşündə keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan da iştirak edib. O vaxt Köçəryan ona Meğri məsələsinin Qarabağ münaqişəsinin həlli üçün yaxşı variant olduğunu deyib. Həmin vaxt Laçının dəhliz kimi fəaliyyət göstərməsi və Qarabağı Ermənistanla bağlaması haqqında qərar çıxarılmalıydı.

Əvəzində Ermənistan Meğrini Azərbaycana verir və Azərbaycanın Naxçıvanla quru əlaqəsi yaranacaqdı. Bununla da Ermənistan İranla quru əlaqəsini itirirdi”.

Ermənistan parlamentindəki dinləmələrdə sual atəşinə tutulduqca baş nazir bir çox mətləbləri açır və özünü təmizə çıxartmağa cəhd göstərir. Ermənistan cəmiyyətində isə xaos davam edir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*