Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada yaşayan bəzi erməni oliqarxların ölkə siyasətinə müdaxilə cəhdlərini tənqid edib və bu xüsusda Samvel Karapetyanın adını çəkərək sərt açıqlamalar verib.
“Onlar bildiriblər ki, Samvel Karapetyan Ermənistanda siyasi fəaliyyətlə məşğul olacaq. Mən soruşuram: onun əsas vətəndaşlığı olan ölkədə belə bir şey ağlına gələrmi? Əgər belə bir fikir orada ağlına gəlsəydi, o, ilk fürsətdə həmin binanın yuxarı mərtəbəsindən özünü atardı,” – deyə Paşinyan bildirib.
KONKRET.az xəbər verir ki, baş nazir vurğulayıb ki, Ermənistan “keçid həyəti” (yəni istənilən kəsin daxil olub istədiyi kimi davrana biləcəyi yer) deyil:
“Ermənistanda özünüzü əsas vətəndaş olduğunuz ölkədə necə aparırsınızsa, eləcə də aparın.”
Paşinyan həmçinin xəbərdarlıq edib ki, Ermənistanın suverenliyinə, müstəqilliyinə və dövlətçiliyinə qarşı istənilən təhdidə qarşı xalqın ona verdiyi “dəmir mandatı” dərhal işə salacaq:
“Kim olursa-olsun, əgər Ermənistanın suverenliyinə və dövlətçiliyinə toxunmağa cəhd etsə, mən dərhal xalqın mənə verdiyi dəmir mandatdan istifadə edəcəyəm.”
Natiq Səlim,
KONKRET.az