Ermənistan Baş nazir Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır. Ermənistan mənbələri bu addımı “Zəngəzur dəhlizinə” aparan yol kimi qiymətləndirir. Bu, həqiqətən dəhlizin açılması üçün zəmin yaradırmı?
Mövzu ilə bağlı politoloq Azad Məsiyev KONKRET.az-a âçıqlamasında bildirib ki, Paşinyanın addımı 1991-ci il Alma-Ata razılaşmasının icrası baxımından vacibdir:
“Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, işğal altında saxladığı kəndləri də qaytarmalıdır. Bu, həm sülh sazişinin təməl prinsiplərinə uyğun addım olacaq, həm də iki ölkə arasında gərginliyi azaldacaq”.
Məsiyevin sözlərinə görə, Ermənistan cəmiyyətində sözügedən məsələyə ciddi müqavimət var və Paşinyan bunu nəzərə alaraq referendumun parlament seçkilərindən sonra keçirilməsini planlaşdırır:
“Hazırda referendum keçirilsə, erməni xalqının əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanımağa qarşı çıxacaq. Paşinyan isə seçkilərdən sonra bu addımı atmaqla həm siyasi legitimliyini gücləndirmək, həm də cəmiyyəti prosesə hazırlamaq istəyir”.
Politoloq əlavə edib ki, Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın deyil, həm də Ermənistanın iqtisadi maraqlarına xidmət edəcək:
“Dəhlizin işlək vəziyyətə gəlməsi Ermənistanın nəqliyyat infrastrukturunu canlandıra, ölkəni dünya iqtisadiyyatına inteqrasiya etdirə bilər. Orta dəhlizin bir qolu kimi fəaliyyət göstərən Zəngəzur marşrutu həm Azərbaycanla münasibətlərin normallaşmasına, həm də regionun tranzit imkanlarının genişlənməsinə töhfə verəcək”.
Məsiyev hesab edir ki, Ermənistan anklav kəndləri xoşluqla geri qaytarsa, Zəngəzur dəhlizi də açılacaq və nəticədə sülh sazişinə real zəmin yaranacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az