Pasinyandan “Zəngəzur dəhlizi” MESAJI: Nə vaxt AÇILACAQ?backend

Pasinyandan "Zəngəzur dəhlizi" MESAJI: Nə vaxt AÇILACAQ?

Ermənistan Baş naziri Nikol Paşinyan “Biz sülhə nail olmuşuq və bu, reallıqdır” deyərək, regionda yeni mərhələnin başlandığını bildirib. Onun sözlərinə görə, bu, təkcə Ermənistanla Azərbaycan arasında deyil, bütün Cənubi Qafqaz üçün tarixi dəyişiklikdir. Paşinyanın “bir-birinin ərazisindən istifadə” fikiri isə Ermənistanın Zəngəzur dəhlizi məsələsində mövqeyini dəyişməsi kimi qiymətləndirilir.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Paşinyanın bu ifadəsi İrəvanın Zəngəzur dəhlizi məsələsində əvvəlki sərt ritorikasından geri çəkildiyini göstərir:

Tural İsmayılov

“O, uzun müddət “dəhliz” sözündən qaçaraq ‘kommunikasiya xətləri’ ifadəsini işlədirdi. Amma indi terminologiyada dəyişiklik var və bu, təsadüfi deyil. Vaşinqtonda aparılan danışıqlarda tərəflər arasında tranzit marşrutlarının qarşılıqlı açılması prinsipial şəkildə razılaşdırılıb.”

Ekspertin sözlərinə görə, bu, artıq Ermənistanın prosesi bloklamaq imkanını itirdiyini göstərir:

“Zəngəzur dəhlizi sadəcə yol deyil, regionun geoiqtisadi taleyini müəyyən edən əsas layihədir. Ermənistan üçün dəhlizin açılması həm nəqliyyat, həm enerji, həm də diplomatik baxımdan yeni imkanlar yaradır. Paşinyan bunu anlayır və Qərbin təzyiqi fonunda real siyasətə qayıdır.”

Tural İsmayılov qeyd edib ki, rəsmi Bakı üçün bu məsələ artıq “ola bilər” yox, “olacaq” mərhələsindədir:

“Vaşinqton formatı Brüssel prosesindən fərqli olaraq, konkret öhdəliklər üzərində qurulub. Ermənistan indi nə qədər “sülh reallığı”ndan danışsa da, bunun memarı Azərbaycandır. 44 günlük müharibə nəticəsində formalaşan güc balansı dəyişməyib, sadəcə Ermənistan onu indi qəbul etməyə məcburdur.”

Politoloq vurğulayıb ki, Paşinyanın çıxışı həm daxili auditoriyaya yönəlik mesaj, həm də beynəlxalq dairələrə loyal görünmək cəhdidir:

“Amma istənilən halda, Zəngəzur üzərində Azərbaycanın tranzit hüququ artıq geosiyasi fakt kimidir. Ermənistan bu faktı dəyişə bilməz, çünki dəyişmək istəsə belə, onu buna buraxmayacaqlar.”

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*