“Bəlkə də qaytardılar” xülyası ilə yaşayan erməni cəmiyyətinin hazırkı durumu heç də ürəkaçan deyil.
Ermənistanda hesab edirlər ki, Nikol Paşinyanın yürütdüyü siyasət dövləti məhvə aparır və bunun qarşısı alınmalıdır. Bəzi sosioloji mərkəzlərin apardığı sorğuda da, bu məsələ qabardılıb və respondentlərin mövqeləri öyrənilib. Məlum olub ki, Paşinyanın rəhbərlik etdiyi hakimiyyətin reytinqi minimuma enib.
Deməli, erməni cəmiyyətində Paşinyanın Qarabağla bağlı mövqeyi birmənalı qəbul edilmir və 30 il aldadılan xalqa əldən gedən mövqeləri geri qaytarmaq üçün yeni vədlər verilir. Ermənistan rəsmiləri isə: “Biz statusla bağlı Qarabağ ermənilərindən mandat almamışıq” deyir və rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir.
Bütün bunlar isə Ermənistan daxilində müəyyən narazılıqlara gətirib çıxarır və müxalifətin fəallaşmasına şərait yaradır. Maraqlı qüvvələr Ermənistan hakimiyyətinin hazırkı mövqeyindən ictimai etirazlar üçün istifadə edərək hakimiyyətə alternativ planlar təqdim edirlər. Ekspertlər isə hesab edir ki, hakimiyyətin özünün də alternativ planları var. Amma rəhbərlik hələ “B” planına keçməyə tələsmir. Bəlkə də bütün bunlar ictimai rəyə hesablanıb və sadəcə söz oyunundan başqa bir şey deyil.
Amma görünən odur ki, erməni xalqından mandat alan Paşinyanı və onun komandasını qeyri legitimlikdə suçlayan revanşist qüvvələr nəyin bahasına olursa-olsun hakimiyyətin mövcud siyasətini dəyişdirilməsindən ötəri cəhdlər edir, sülh müqaviləsinin ləngidilməsi üçün əngəllər törətməyə səy göstərirlər. Hər dəfə ölkə liderlərinin görüşü ərəfəsində sərəhəddə törədilən təxribatların arxasında da həmin qüvvələrin dayanması ehtimal edilir.
İndi Ermənistanda Paşinyanın siyasətini bəyənməyən qüvvələr öz aralarında lider axtarışına çıxıblar.
Vəli Həsənov
Konkret.az