Ermənistanda Politik.am saytının redaktoru Boris Murazi ölkənin baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı məhkəməyə verib.
KONKRET.az xəbər verir ki, Murazinin iddiasına görə, Anna Akopyan onun və onlarla digər şəxsin ünvanına böhtan xarakterli, saxta məlumatlar yayıb. Bu səbəbdən də o, rəsmi təkzib, ictimai üzr və 2 milyon dram (təxminən 5 min dollar) məbləğində maddi təzminat tələb edir.
“O, onlarla insan haqqında saxta məlumatlar yayıb, din xadimlərinə böhtan atıb, mənimlə bağlı isə ən murdar paylaşım edib. Mən artıq məhkəməyə müraciət etmişəm və Paşinyan ailəsinin bir üzvünün ictimaiyyəti aşağıladığına görə cavab verməsini təmin edəcəyəm,” – deyə Murazi “Qraparak” qəzetinə bildirib.
Qeyd edək ki, Anna Akopyan bundan əvvəl Boris Murazi haqqında sosial şəbəkədə kəskin ifadələrlə dolu paylaşım etmişdi. Bu hadisə Ermənistanda siyasət və media münasibətləri kontekstində geniş rezonansa səbəb olub.
Günel Mikayılova,
KONKRET.az