Pənah Hüseynin Azərbaycan Xalq Partiyasının (AXP) sədrliyindən istefa verməsi haqda məlumatlar yayılıb. Onun istefa verdiyi və öz səlahiyyətlərinin icrasının müavini Qiyas Sadıqova həvalə olunduğu bildirib. Məsələni dəqiqləşdirmək üçün Pənah Hüseynlə əlaqə saxladıq.
KONKRET.az-a açıqlamasında Pənah Hüseyn bildirdi ki, yayılan məlumat yəqin ki, təhrif olunub. Partiyanın nizamnaməsinin müvafiq müddəasına istinad edərək sədr səlahiyyətlərinin icrasını öz müavinim Qiyas Sadıqova həvalə etmişəm:
“Bu, istefa demək deyil. Bu addımı atmağımda müxtəlif səbəblər rol oynayıb. Hazırda ölkədə və dünyada gedən proseslər çərçivəsində partiya sədri kimi fəaliyyətim indiki məqamda mənə müəyyən məhdudiyyət yaradır. Ona görə də, belə qərara gəldim ki, partiya nizamnaməsinin müvafiq müddəasına əsasən səlahiyyətlərimin icrasını müavinimə verim. Ümumiyyətlə, bu ilin sonuna qədər növbədənkənar qurultay çağırmaq planımız var. Orada gündəlikdə partiya sədrinin yenidən seçilməsi qərarı olsa, mən öz namizədliyimi yenidən verməyəcəm. Amma bu, hələ ki, məlum deyil. Çünki təşkilat komitəsi yaranmayıb. Amma mən hazırda hüquqi cəhətdən partiyanın sədri kimi qalıram. Ola bilər ki, bir müddət sonra başqa bir sərəncamla səlahiyyətlərimin icrasına başladım. Yaxud proses bu cür davam edə bilər”, – Pənah Hüseyn vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az