“Pənah Hüseynin nüfuzunun dəyəri Allahşükür Paşazadənin dəyərindən daha artıqdır” – MÜSAHİBƏbackend

"Pənah Hüseynin nüfuzunun dəyəri Allahşükür Paşazadənin dəyərindən daha artıqdır" - MÜSAHİBƏ

“Şahin Həsənlinin insanları dövlətçilik məsələsi ilə hədələməsi əsassızdır”

“Şahin Həsənli Allahşükür Paşazadəni tərifləyəndə barıtı çox edib”

Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənlinin QMİ-nin sədri, Şeyxulislam Allahşükür Paşazadənin müdafiəsinə qalxması və ona ünvanlanan tənqidləri əsassız və yanlış hesab etməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb. QMİ nümayəndəsi bildirib ki, Allahşükür Paşazadənin ünvanına səsləndirilən fikirlər artıq tənqid deyil, şeyxülislam məqamına qarşı həqarət, Azərbaycan dövlətçiliyinə və İslam birliyinə qarşı təhdiddir. Təbii ki, belə olan halda, yəni Allahşükür Paşazadənin birbaşa dövlətlə bərabər tutulması haqlı narazılığa və qaranlıq məqamlara səbəb olub.

“Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri, iranşünas- politoloq Sədrəddin Soltan mövzu ətrafında KONKRET.az-ın suallarını cavablandırıb.

– Sədrəddin müəllim, sizcə, Şahin Həsənlinin Allahşükür Paşazadənin müdafiəsinə həsr etdiyi təhlil nə qədər doğrudur və bunu necə başa düşmək olar?

– Allahşükür Paşazadənin ətrafında gedən qalmaqalın sakitləşdiyi bir vaxtda Şahin Həsənlinin onun müdafiəsinə qalxması, Azərbaycanın tanınmış və bir çoxlarının inandığı din adamının bu məsələyə belə naşı yanaşması təəssüf və təəccüb doğurur. Şahin Həsənlinin diqqətinə çatırıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan dünyəvi dövlətdir. Bu, Konstitusiyanın 18-ci maddəsində qeyd olunur və dinin dövlətdən ayrı olduğu, bütün dini etiqadların qanun qarşısında bərabər olduğu vurğulanr. Həmçinin, həmin maddədə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, dini cərəyanların yayılması və təbliği qadağan edilir, dövlətin təhsil sisteminin dünyəvi xarakter daşıdığı qeyd olunur.

– Belə çıxır ki, bu açıqlama həm də milli maraqların pozulması və Azərbaycan Konstitusiyasının təməl prinsiplərinə tərs- mütənasibdir?

– Azərbaycan digər dövlətlərlə münasibətlərini beynəlxalq hüquqa əsasən qurur. Bu baxımdan, Azərbaycanın dövlət maraqlarına istənilən dini yanaşma ziyanlıdır. Dövlətçiliyi təhdid etmək onun dünyəvilik nüfuzuna xələl vurmaqdır, strateji tərəfdaşlığını şübhə altına almaqdır. Müxtəlif din xadimlərinin dediklərinin tənqid edilməsi, ona vətəndaş münasibətlərinin “dövlətçiliyin təhdidi” kimi qələmə verilməsi Azərbaycan Konstitusiyasının pozulması, onun təməl prinsiplərinə ziyan vurulmasıdır. Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsi sədrini İslam dininin müqəddəsləri ilə bir səviyyədə tutmağa cəhd göstərir. O, Allahşükür Paşazadənin ünvanına səsləndirilən fikirlərin tənqid yox, Azərbaycan dövlətçiliyinə və İslam birliyinə qarşı təhdid olduğunu bildirir. Lakin Azərbaycan dövlətçiliyi və İslam birliyi nə Allahşükür Paşazadə simasından, nə də  şeyxülislam məqamından ibarət olmamaqla yanaşı, ondan asılı da deyil. Odur ki, dini sahədə fəaliyyət göstərən şəxslərin siyasi aspektli yanaşmaları nəticədə belə səhvlərə, yanlış anlaşmalara gətirib çıxaracaq.

– Azəbaycan Respublikası siyasi hakimiyyətinin 30 ildən bəri aparmış olduğu Azərbaycanın ərazi bütövlüyü ilə bağlı siyasi-hərbi sahədə olan fəaliyyətinə din xadimi hansı əsasla siyasi amildən yanaşır, beynəlxalq hüququn digər subyektlərinin belə bu məsələdəki rolundan bəhs edir?

– Teokratik rejimli dövlətlərdə adətən bu üsullardan istifadə edirlər. İnqliab rəhbərlərini, yaxud ali rəhbərləri dini müqəddəslərlə eyni səviyyədə tuturlar. Belələrinə qarşı tənqidi fikirlər deyiləndə isə həmin şəxslər barədə şəriət hökmləri çıxarırlar. 1998-ci ildə İranda universitet professoru Haşim Ağacari İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xameneini tənqid etdiyi üçün “dini təhqir etməkdə” ittiham olundu. 2002-ci ildə isə onun barəsində edam hökmü belə çıxarıldı.

– Yəni Şahin Həsənli Allahşükür Paşazadəni Azərbaycan dövlətçiliyi və İslami birliklə bərabər tutmaqla onu dövlətin əsas atributlarından, yaxud dini müqəddəslərdən sayır?

– Allahşükür Paşazadəni sovet imperializiminə qarşı müqavimət göstərən lider olaraq göstərmək cəfəngiyyatdır. Onun 20 Yanvar şəhidlərinin dəfnində iştirakını heç kim inkar etmir. Ancaq bu, onun milli azadlıq hərəkatının lideri kimi təqdim edilməsi də demək deyil.

Din xadimi kimi Azərbaycan ictimaiyyətinə təqdim edilmiş və bu istiqamətdə fəaliyyət göstərən Şahin Həsənlinin Azərbaycan qanunlarına və onun vətəndaşlarına sayqı ilə yanaşması arzuolunandır. İnsanların inamından sui-istifadə isə haqsızlıqdır. Azərbaycan Şahin Həsənliyə inanır. Bu inamı qırmaq da ədalətsizlikdir. Azərbaycan Konstitusiyasına əsasən, ölkə vətəndaşlarının fikir azadlığı var. Buna görə Şahin Həsənlinin insanları “dövlətçilik” məsələsi ilə hədələməsi də əsassızdır.

Bütün hallarda Şahin Həsənli də Azərbaycan vətəndaşıdır.

– Allahşükür Paşazadə Azərbaycan üçün tanınmış dini, ictimai xadim olsa da, onun təmsil etdiyi qurumun mahiyyəti Azərbaycan dövləti və cəmiyyəti üçün Şahin Həsənlinin şişirtdiyi səviyyədə deyil. O zaman nə baş verir?

– Təbii ki, elədir. Çünki Allahşükür Paşazadə höccətül-İslam deyil, Allahşükür Paşazadə siqqətül-İslam deyil, ayətullah üzma deyil, müştəhid deyil. Deməli, onu təqlid edən də yoxdur və dini baxımdan o lider deyil. Allahşükür Paşazadə sadəcə olaraq dini-ictimai xadimdir. Məsələn, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn vaxtilə dövlət xadimi olub, onun nüfuzunun dəyəri Allahşükür Paşazadənin dəyərindən daha artıqdır. Çünki o, dövlət xadimi olub. Allahşükür Paşazadə isə həmişə dini və ictimai işlərlə məşğul olub. Bu baxımdan, Şahin Həsənlinin də Allahşükür Paşazadəni şişirtməsi böyük səhv və yanlışdır. Çünki dövlətin 4 əsas atributu var: ərazisi, əhalisi, ordusu və hakimiyyəti. Eləcə də dövlətin köməkçi atributları var: gerbi, bayrağı və himni. Bu atributlardan birinə qarşı çıxanda, dövləti, milləti təhqir etmiş olursan. Allahşükür Paşazadə bunlardan hansıdır? Dövlətin əsas atributlarındandır, yoxsa köməkçi? Şübhəsiz ki, heç biri! Bu baxımdan, Şahin Həsənli Allahşükür Paşazadəni tərifləyəndə barıtı çox edib və düşdüyü çərçivədən çıxa bilməyib.

– Bildiyiniz kimi, cəmiyyətdə Şahin Həsənlinin yeni nəslin təmsilçisi olaraq inanclılar arasında nüfuzu və hörməti var. Belə bir nüfuz sahibinin belə bir yanlışlıq etməsi onun tərəfdarlarını da məyus edib. Siz necə düşünürsüz?

– Bəli, elədir. Ona görə də Şahin Həsənli Azərbaycan dövlətinin maraqlarını müdafiə etməlidir. Azərbaycan bütün prinsiplərini dünyəvi və beynəlxalq hüquq normalarına əsasən qurur, müxtəlif beynəlxalq sənədlərə, konvensiyalara uyğun olaraq aparır və burada heç bir dinin rolu yoxdur. Yəni Azərbaycan hansısa din əsasında öz münasibətlərini qurmur. Bu baxımdan, Şahin Həsənli də dini maarifləndirmə işi ilə məşğul olsa, faydası daha çox olar, nəinki cəmiyyəti bir-birnə qarışdırmaqla.

Mərahim Nəsib,

KONKRET.az

  • ALİK
    İyul 28, 2021 - 21:06

    Bu da bizim şeyx Nəsrullahımız, 100 il sonra belə yenə bunları kefli İsgəndərlər ifşa edə bilmədi.

  • zaur
    İyul 29, 2021 - 09:54

    Hacı Şahin kimdir ki, onu bu qədər şişirdirlər.Hacı Şahini dinləyənlərin əksəriyyəti savadsız evdar qadınlardır

    • Müqəddəs
      İyul 29, 2021 - 14:15

      Sən Hacı Şahinin kim olduğunu bilməyə bilərsən,ancaq onu dinləyənləri təhqir edə bilməzsən.söz xatirinə,söz yazmayın.

  • Məzahir
    İyul 29, 2021 - 13:10

    Din dövlətdən necə ayrı ola bilər ki, dövlət adamlarının əksəriyyəti hacı, Kərbəlayi, məşhədidirlər. Əqidə köynək deyil ki, işə gedəndə çıxarıb evdə qoyasan.
    Dövlətimiz dünyəvi dövlət elan olunsa da, mahiyyətcə dini dövlətdir.

    • Zabit
      İyul 30, 2021 - 15:02

      Görünür Məzahir qardaşım Mərahim bəyin yazısını axıra qədər oxumayıb. Ona görə də dövlət və din haqqında təsəvvürünün olmadığı qənaətindəyəm .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*