Pensiya yaşının artırılması və ya azaldılması ilə bağlı qərarlar təsadüfi verilmir, çoxsaylı sosial-iqtisadi faktorların birgə təsiri nəticəsində formalaşır. Maraqlıdır, pensiya yaşınını artırılması və azaldılması nə ilə əlaqədardır?
Bu barədə KONKRET.az-a iqtisadçı Rəşad Həsənov məlumat verib.

“İnsanların daha uzun müddət yaşaması və sağlamlığın ümumi göstəricilərinin yaxşılaşması pensiya yaşının artırılmasına səbəb olur.
Əmək şəraitinin yaxşılaşması, insanların daha uzun müddət işləyə bilməsi pensiya yaşının yuxarı çəkilməsinə şərait yaradır. Əksinə, ağır iş şəraiti olan sahələrdə güzəştli yaş hədləri müəyyən olunur”.
Həsənovun sözlərinə görə, dünyanın əksər ölkələrində təbii artım sürətinin azalması pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığı üçün risk yaradır.
Bu zaman hökumətlər pensiya yaşının artırılması qərarına gedə bilirlər.
“İşləyən və sosial sığorta haqqı ödəyənlərin sayı nə qədər yüksək olarsa, pensiya sisteminin dayanıqlığı da bir o qədər güclü olur. Bu göstərici aşağı düşdükdə isə pensiya yaşı artırıla bilər,” – iqtisadçı qeyd edib.
Qadınlar və kişilər üçün fərqli pensiya yaşının tətbiqi, çoxuşaqlı ailələr üçün güzəştlər, demoqrafik siyasətin təşviqi çərçivəsində müəyyən olunan istisnalar da hökumətin qərarlarına təsir edən faktorlardandır.
Ekspert vurğulayıb ki, bütün bu göstəricilər hökumətin pensiya yaşının artırılması və ya azaldılması ilə bağlı qərarlarının əsas istiqamətlərini müəyyənləşdirir.
Aynurə İsmayıl
KONKRET.az
